18 aprel 2011 14:40
Rednik üçün iki yubiley və ya XL-ın Parksı var
Premyer Liqanın 28-ci turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “İnter” görüşü meydan sahibləri üçün bir neçə maraqlı məqamla yadda qaldı. Azerisport.az həmin maraqlı məqamları təqdim edir:
Parks 14-cü pillədə
“Xəzər Lənkəran”ın hücumçusu Uinston Parks komandanın heyətində növbəti qolunu vurdu. “İnter”lə oyunda fərqlənən kosta-rikalı legioner klubundakı 9-cu qolunu qeyd etdi. Bununla da klub tarixinin 14-cü bombardiri olan Parks 4 futbolçudan uzaqlaşıb. Belə ki, bu tura kimi İlqar Qurbanov, Xaqani Məmmədov, Romulo Silvano və Xorxe Diasla Uinston eyni sayda – 8 dəfə fərqlənmişdilər.
Qeyd edək ki, bombardirlər siyahısına 44 dəfə fərqlənən Zaur Ramazanov başçılıq edir.
Rednik üçün iki yubiley
“İnter”lə qarşılaşma “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik üçün iki kiçik yubileylə əlamətdar olub. Rumıniyalı mütəxəssis komandasını 30-cu dəfə meydana çıxarıb. Bundan başqa qeydə alınan 1:1 hesablı heç-heçə onun bu klubdakı 10-cü bərabərliyi olub.
199 dəqiqəlik həsrətə son
“İnter”lə oyunun 18-ci dəqiqəsində rəqib qapısına qol vuran Uinston Parks komandasının qol həsrətinə son qoyub. Belə ki, komanda son 2 turda qol vura bilmirdi. “Xəzər Lənkəran” bunadək sonuncu dəfə Premyer Liqanın 24-cü turunun “Neftçi” ilə matçında qol sevinci yaşamışdı. Həmin matçın 89-cu dəqiqəsində Julius Vobay penaltidən fərqlənmişdi. Martın 18-dəki qarşılaşmadan sonra azarkeşlər növbəti qolu 29 gün və ya 199 dəqiqə gözləməli oldu.
Qeyd edək ki, XL son qələbəsini də “Neftçi” üzərində qazanıb. Bu, 6 oyun əvvəl martın 3-dəki görüşdə baş verib – 4:3. (klubun rəsmi saytı)
