18 aprel 2011 16:00
“Mövsümü yalnız gümüş medal qazandığımız halda uğurlu saymaq olar”
“Qarabağ”ın yarımmüdafiəçisi Nderim Nedzipi azerisport.az saytına müsahibəsində “Bakı” ilə son oyundan və qarşıdakı görüşlərdəki şanslarından danışıb.
- Niyə “Qarabağ” yenə qələbəsiz qaldı?
- Qol vura bilməməyimizə baxmayaraq, yaxşı oynadıq. Qələbəyə layiq idik. Amma qol vurmadan bunu gerçəkləşdirmək mümkün deyil. “Bakı”ya qarşı oynamaq çox çətindi. Onlar bütün komandayla müdafiə olununca işimiz daha da çətinləşdi.
- Deməli, bu dəfə qələbə qazana bilməməyiniz “Bakı”nın yaxşı müdafiə olunmasının nəticəsidi?
- Belə müdafiə olunan komandalara qol vurmaq elə də asan olmur. Bəzən öz oyunumuzda rəngarənglik alınmır, bəzən də rəqib elə bir səhvə yol vermir. Bizimlə oyunda bakılıların qapıçısı sadəcə misilsiz oyun sərgilədi.
- Artıq 3 oyundu rəqib qapılarına yol tapa bilmirsiz. Hücum xəttinizdə nə baş verir?
- Əgər “Neftçi” ilə oyunda biz sərgilədiyimiz futbolla hardasa məğlubiyyətə layiq idiksə, “Xəzər Lənkəran” və “Bakı” ilə görüşlərdə tam fərqli oldu. Hərdən belə də olur ki, yaxşı oynamaqla da qol vura bilmirsən. Öz üzərimizdə işləməli olacağıq. Qarşıda bizi hələ “altılığ”ın daha bir dövrəsi gözləyir. Deməli, bu komandaların hamısıyla daha bir dəfə oynamalıyıq. Düşünürəm ki, onlara hələ qol vurmağa imkanımız olacaq.
- Hər xal itkisi sizi çempionluqdan daha da uzaqlaşdırır...
- Biz bunu yaxşı başa düşürük. Amma komandamız hətta çempion olmasa da belə, bunu faciəyə çevirmək olmaz. Mən “Qarabağ”a qışda qoşulmuşam. Amma hər halda bu mövsümü bizim aktivimizə yazmaq olar.
- Hətta turnir cədvəlində neçənci yeri tutmağınıza rəğmən?
- Xeyr. Ən pis halda gümüş medalları qazanacağımız halda. Bunun üçün isə “Xəzər Lənkəran”ı qabaqlamağımız lazımdı.
- Siz hələlik əsas heyətdə möhkəmlənə bilməmisiz və meydanda az görünürsüz...
- Mənim zədəm var idi. Artıq indi hər şey qaydasındadı. Amma əsas heyətə qayıtmaq da çətindi. Çünki uşaqlar heç də pis oynamırlar. Gördüyünüz kimi, məşqçi mənə də tez-tez şans verir. Hər halda mənim əsas heyətə düşmək üçün zamanım olacaq.
