18 aprel 2011 11:33
Emil Mpenza: Bizim çempionluğumuza artıq heç nə mane ola bilməz
“Neftçi”nin belçikalı hücumçusu Emil Mpenza azerisport.az saytına müsahibəsində Premyer Liqanın 27-ci turunun AZAL ilə oyunundan (2:1) danışıb.
- AZAL ilə oyundakı çətin qələbə ilə bağlı nə deyə bilərsiz?
- Birinci hissəni çox pis keçirdik. Heç hər şeyin bu qədər çox pis alınacağını gözləmirdik. Niyə pis oynamağımıza dair suala artıq baş məşqçimiz cavab verməlidi. Mən deyə bilmərəm. Amma çətinliklərə rəğmən, biz ikinci hissədə istəyimizə çata bildik.
- Yəqin ki, Arif Əsədov fasilədə sizinlə çox ciddi söhbət etdiyi üçün ikinci yarı başlayan kimi iki erkən qol vurdunuz...
- O, bizə əsəbləşməmişdi. Sadəcə, qeyd etdi ki, pis oynamırıq və bir qol vurmaq lazımdı ki, hər şey qaydasına düşsün. Elə də oldu. İki ardıcıl qol görüşün taleуini həll etdi.
- Amma rəqib oyunun sonlarında azca dəqiq oynasaydı, sizin qapınıza yenə yol tapa bilərdi...
- Qələbəni daha çox layiq olan komanda qazandı. Amma rəqibin də oyununu qeyd etmək lazımdı. AZAL bizim üçün çox çətinliklər yaratdı. Yaxşı komandadı.
- “Neftçi” artıq “Xəzər Lənkəran”dan 8, “Qarabağ”dan 9 xal öndədi...
- Fikrimcə, bu, çempionluq oyunu idi. Bizə artıq qızıl medalları qazanmağa heç nə mane ola bilməz. Sadəcə birinci yeri tutmağımızı rəsmiləşdirmək qalır.
- Siz həm də 2011-ci ildə ilk qolunuzu vura bildiniz...
- Təəssüf ki, zədə səbəbindən mən elə də çox oyun keçirə bilməmişəm. Şadam ki, komandama məhz belə çətin oyunda kömək edə bildim. Amma bu mövsüm daha bir neçə dəfə rəqib qapılarına yol tapmaq istərdim.
- Yeri gəlmişkən, siz oyundan sonra formanızı azarkeşlərə bağışladınız...
- Onlar 90 dəqiqə bizi dəstəkləyirlər. Mən də buna görə onlara təşəkkür etmək qərarına gəldim. Bizim üçün forma iş paltarıdı, fanatlarımız üçün isə əsl suvenirdi.
