18 aprel 2011 12:41
Millimizin sabiq üzvü üçün autsayder şoku
Türkiyənin Bank Asiya birinci liqasında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin sabiq üzvü Ernani Pereyranın çıxış etdiyi "Mersin İdman Yurdu" gözlənilməz nəticəyə imza atıb.
Belə ki, Super Liqaya çıxmağa çalışan Mersin klubu "Bank Asiya"da qalmağa çalışan "Altay"ı qəbul edib və meydandan 2:3 hesablı yenilgiylə ayrılıb. Hesabı 21-ci dəqiqədə qonaqların oyunçusu Mehmet açsa da, 5 dəqiqə sonra Nduka tarazlığı bərpa edib. 43-cü dəqiqədə Erdal "Mersin İdman Yurdu"nu hesabda önə keçirib. Lakin 68 və 79-cu dəqiqələrdə dubl edən Murat Hacıoğlu "Altay"a qələbə qazandırıb.
Pereyra həmişəki kimi meydana start heyətində çıxıb və 90 dəqiqə mübarizə aparıb. Türkiyəli həmkarlarımız onun oyununu bir ulduzla qiymətləndirib.
Qeyd edək ki, hazırda "Mersin İdman Yurdu" 49 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider "Samsunspor"dan 5 xal geri qalır. "Altay" isə 13 xalla 13-cü pilləni tutur.
