19 aprel 2011 14:31
Rəqibi təhqir etməyin qiyməti: 200 manat
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclası zamanı Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasındakı çempionatın, eləcə də birinci divizionun son turu ilə də bağlı qanun pozuntuları müzakirə olunub və onlara hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr nəticəsində aşağıdakı qərarlar çıxarılıb:
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 27-ci turunun “Muğan” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 44-cü dəqiqəsində “Muğan”ın futbolçusu İsmayıl İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Mircamal Əlizadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
Birinci divizionun 22-ci turunun “Bakılı” – “Neftçi” İSM matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 100 manat cərimə olunublar. Matçın 90+1-ci dəqiqəsində “Neftçi” İSM klubunun futbolçusu Bəxtiyar Gözəlov rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
