19 aprel 2011 15:40
Sadıqovun keçmiş komanda yoldaşı xərçəngdən öldü
Türkiyənin “Kocaelispor” klubunun gənc qapıçısı Ali Balkaya 22 yaşında vəfat edib. Azerisport.az xəbər verir ki, buna onun qan xərçəngindən əziyyət çəkməsi səbəb olub.
“Kocaelispor”un rəsmi saytının yaydığı rəsmi informasiyaya görə, ötən ildən etibarən bu xəstəliyin aşkar olunduğu futbolçu son günlərə kimi müalicə olunurmuş. Lakin son vaxtlar vəziyyəti daha da pisləşən Balkaya elə müalicə olunduğu xəstəxanalardan birində dünyasını dəyişib.
Bununla əlaqədar klub adından mərhumun yaxınlarına başsağlığı verilib. Onun bu gün dəfn ediləcəyi bildirilir.
Qeyd edək ki, 1989-cu il doğumlu Ali Balkaya 17 yaşından “Kocaelispor” formasını geyinirdi. O, 2009-cu ildə bu klubda çıxış etmiş yığmamızın kapitanı Rəşad Sadıqovun komanda yoldaşı olub.
