20 aprel 2011 13:48
Parks: Neftçi`ni artıq çempion hesab etmələri məni təəccübləndirir
“Xəzər Lənkəran”ın hücumçusu Uinston Parks azerisport.az saytına müsahibəsində komandasının son oyunlardakı uğursuzluqlarından, eləcə də sonuncu dövrədəki şanslarından danışıb.
- Öncə son oyununuzdan danışaq. “İnter”lə oyunda niyə qələbə qazana bilmədiniz?
- Bilmirəm komandamıza nə olub. “İnter”lə oyunda qələbəyə oynayırdıq və bunun üçün əlimizdən gələn hər şeyi etdik. Sadəcə bəxtimiz gətirmədi. Başqa səbəb yoxdu. Bizə qışda bir sıra yeni oyunçular gəldi. Hərdən biz meydanda bir-birimizi başa düşmürük.
- “Altılıq”da keçirdiyiniz 5 ardıcıl oyunda qələbə qazana bilməmisiz...
- Futbol ciddi oyundu. Buna görə uğursuzluğun səbəblərini açıqlamaq heç də həmişə asan olmur. Əgər bu səbəbləri özümüz bilsəydik, yəqin ki, aradan qaldırardıq. Məşqlərimiz yüksək səviyyədə davam edir. Hər bir futbolçu oyunların vacibliyini başa düşür. Amma istəklərimizi həyata keçirməkdə çətinlik çəkirik. Çempionatın startında heyətimiz zəif idi. Amma biz qələbə qazanırdıq, yaxşı oynayırdıq. Qışda güclənəndən sonra isə bir qədər fərqli vəziyyət yaranıb.
- Mümkündü ki, komanda kubokun “Neftçi” ilə səfər oyunundakı qələbədən sonra (4:3) arxayınlaşdığı üçün belə aqibətlə üzləşdi?
- Biz Lənkərana ona görə gəlmişik ki, çempion olaq. Vaxtımızı boşa xərcləmək istəmirik. Bu üzdən də hansısa arxayınlıqdan söhbət gedə bilməz. Komandada elə futbolçular cəmləşib ki, onlar hətta öz adları uğrunda da qələbə qazanmaq üçün əllərindən gələni etməlidilər. Digər tərəfdən hər bir futbolçu qələbəyə görə mükafat qazanır. Kim bundan imtina edər ki? Bir sözlə arxayınlıqdan söhbət gedə bilməz. Məncə, bizə 1 qələbə lazımdı ki, qara zolaqdan çıxa bilək.
- Qarşıda sizi AZAL-la oyun gözləyir...
- Çətin rəqibdi. Hazırda komandamız üzərində müəyyən qədər təzyiq var. Çünki öz oyunumuzu tapa bilmirik. AZAL üzərində isə elə bir təzyiq yoxdu. Onlar müdafiədə oturub öz şanslarını gözləyə bilərlər. Necə ki, əksər oyunlarında məhz belə çıxış edirlər. İnanıram ki, doğma publika önündə nəhayət biz də qələbə qazana biləcəyik. Axı qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdu.
- Çoxları bildirir ki, artıq XL-ın çempionluq şansları qalmayıb. Bu fikirlərlə razısız?
- Mən sona kimi oynamağı sevirəm. Nə qədər ki, kiçicik də olsa, şansımız qalırsa, biz mübarizəmizi davam etdirəcəyik. Futbolda hər şey ola bilər. Heç kim deyə bilməz ki, qarşıdakı 5 tur necə bitəcək. Məsələn, XL qarşıdakı 5 oyunun hamısında qələbə qazana bilər. “Neftçi” isə əksinə, həm xal, həm də liderliyini itirə bilər. Onların növbəti oyunu “Bakı”ya qarsıdı. Gizlətmirəm ki, “zolaqlılar”ın onlara qalib gələcəyinə inanıram. “Bakı”nın şansı az olsa da, qələbə qazanmalıdı. Ən azı öz imici, təmiz oyun naminə. Amma ən başlıcası onların bunu bacarmasıdı.
- Artıq çoxlarının “Neftçi”ni çempionluq münasibətilə təbrik etməyə başlaması sizə necə təsir edir?
- Hesab edirəm ki, bu, düzgün deyil. Çempionat hələ bitməyib və sonluq tam fərqli ola bilər. Çempionatın başa çatmasına 5 tur qaldığı halda lideri necə çempionluq münasibətilə təbrik etmək olar? Bəzi mütəxəssisilərin artıq “Neftçi”ni çempion hesab etməsi məni sadəcə təəccübləndirir. Amma eyni zamanda bəzi hakimlərin də bizim oyunlardakı idarəçiliyinin təəccübləndirici olduğunu qeyd etməliyəm. Onlar həmişə bizim oyunlarda kobud səhvlər buraxırlar. Məsələn, “Qarabağ”la oyunda top rəqib futbolçunun əlinə toxunduğu halda hakim bu epizodu görmədi. Qəribədi ki, onlar heç vaxt bizim lehimizə belə səhvlər etmirlər. Belə təsadüf ola bilməz.
- Əgər çempion ola bilməsəz, bütün fikirlərinizi kuboka yönəldəcəksiz?
- Hələ qızıl medallara şansımız qalır və sona kimi oynayacağıq. Amma çempion ola bilməsək də belə, mövsümü uğursuz adlandırmaq olmaz. Qarşıda kubok oyunları da var ki, qələbə qazanmağa borcluyuq. Avrokuboklara düşməyimiz də klubumuz üçün uğur sayıla bilər. Azarkeşlər üçün də çempionluqdan daha önəmli olan avrokuboklarda çıxış etməkdi. Mənə deyiblər ki, XL qarşısına Avropada mümkün qədər uğurlu çıxış etmək vəzifəsini qoyub. Onu da deyiblər ki, Azərbaycanı son illərdə əsasən “Qarabağ” uğurlu nəticələri ilə sevindirir. Onlar beynəlxalq arenada çox iş görüblər. Amma məsələn “Neftçi”nin elə uğurları yoxdu. Avropada onlar heç nə etməyiblər. Ancaq indi nəsə göstərməyə çalışırlar. Bizim də qələbə qazanmağımız üçün zaman lazımdı.
- XL-ın avrokubokların qrup mərhələsinə düşməsini nə dərəcədə real sayırsız?
- Niyə də düşməyək? Əgər bir qədər güclənsək, daha uğurlu çıxış edə bilərik. Azarkeşlərimiz də belə qələbələrə layiqdi.
