20 aprel 2011 16:09
Sxadadze PFL-i və hakimliyi tənqid etdi
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze “Xəzər Lənkəran”la son oyun və hakimliklə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, həmçinin “Qarabağ”la qarşıdakı matç barəsində də fikirlərini bildirib.
“XL-la qarşılaşmaya çox yaxşı hazırlaşmışdıq və oyunu düzgün qurmuşduq. Lakin oyunun əvvəli bir qədər sərt alındı. Bunu komandalarını dəstəkləyən azarkeşlərlə dolu Lənkəran stadionundakı atmosferlə əlaqələndirmək olar ki, bu da özünün psixoloji əksini meydanda qonaq qismində oynayan futbolçularda tapır. Heç də pis olmayan, ən başlıcasısa sürətlə müdafiədən hücuma keçməyə imkan verən sxemə üstünlük vermişdik. Bəli, biz erkən qol buraxdıq, lakin buna baxmayaraq öz oyunumuzu oynamağa davam etdik ki, bu da ayrıca alqışa layiqdi. Axı buraxılmış qoldan sonra oyunun ipini saxlamaq və dağınıq oynamamaq lazım idi. Komandamız yaxşı tempdə oynamağa davam etdi və bu da öz bəhrəsini verdi. Tezliklə biz rəqibin meydançasında pressinq sayəsində hesabı bərabərləşdirməyə nail olduq. Cəsarətlilik məsələsində müəyyən suallar var. Mən deyərdim ki, oyunçularımıza oyunun yekun mərhələlərində və son ötürmələrdə daha inamlı və cəsarətli hərəkət etmək lazım idi. Əgər bu, bizdə alınsaydı, o zaman düşünürəm ki, qələbəyə də layiq ola bilərdik. Ümumilikdə, “Xəzər Lənkəran”la səfər oyununda hesabda qeydə alınmış bərabərliyi qənaətbəxş qiymətləndirirəm”.
Sxadadze hakimliyə də xüsusi toxunub: “Hakimlik məsələsinə toxunmaya bilmirəm. Çox adam mənimlə razılaşar ki, bu oyunda hakimlik çox aşağı səviyyədə idi. Təəssüf ki, “İnter” ilk dəfə deyil ki, belə halla rastlaşır. Özünüz baxın. Mən hətta hakim səhvlərindən nə qədər xal itirdiyimizi hesablaya bilmirəm. “Bakı” ilə oyunun 92-ci dəqiqəsində hakim rəqib futbolçunun cərimə meydançasında açıq-aşkar, mən deyərdim, “voleybol” oyununa görə penalti təyin etmədi. Sonra “Neftçi” ilə qarşılaşmada hakim bizi aydın olmayan penaltilə “mükafatlandırdı”. Və indidə “Xəzər-Lənkəran”ın qapısına 100 faizlik penalti təyin edilmədi. Xatırlayıram ki, Lənkərandakı matçı idarə edən Rövşən Əhmədov komandamızın “Gəncə” ilə səfər görüşündə rəqibin qapısına açıq-aşkar iki penalti təyin etməmişdi və buna görə 5 oyunluq diskvalifikasiya olunmuşdu. Baş verənlər məni narahat etməyə bilməz. Bizdən futbolun inkişafını, futbolçuların səviyyələrinin yaxşılaşdırılmasını tələb edirlər. Lakin razılaşın ki, futbolun inkişafı hərtərəfli olmalıdı və hakimlik də obyektiv olmalıdı”.
Son ölkə çempionunun çalışdırıcısı qarşıdakı “Qarabağ”la çətin qarşılaşma öncəsi isə bunları dilə gətirib: “Aprelin 16-da oyun keçirdik. Növbəti matçı da bazar günü aprelin 14-də oynayacağıq. Bununla yanaşı, artıq aprelin 27-də bizi Azərbaycan Kubokunun ilk yarımfinal qarşılaşması gözləyir. Sonra aprelin 30-da Premyer Liqa qarşılaşması gəlir. Mayın 4-dəsə kubok oyununun cavab qarşılaşmasını keçirəcəyik. Çox təəssüf edirəm ki, təqvim belə tərtib edilib. Lakin demək istərdim ki, “Qarabağ”la oyunu biz biq qədər tez, məsələn, aprelin 22-də və ya 23-də keçirə bilərdik. Qeyd etməyə dəyər ki, ölkə kubokunun bütün yarımfinalçıları matçlarını aprelin 23-də keçirəcəklər. Həmin AZAL son turu aprelin 17-də oynamışdı, lakin növbəti turun qarşılaşmasını aprelin 23-də keçirəcək. Bu isə o deməkdi ki, bizimlə oyuna bərpa olunmaları üçün onların bir gün çox vaxtları olacaq. Ola bilər ki, təqvimin tərtib olunması zamanı bu məqamlar nəzərə alınmayıb. Bununla belə, biz maçtın bir gün əvvələ keçirilməsini xahiş etmişdik, ancaq xahişimiz qəbul edilmədi. Digər tərəfdən millinin heyətində oynayan və bu həftə milli komandanın düşərgəsinə qatılan və ancaq aprelin 21-də komandanın sıralarına dönəcək “Qarabağ”ın futbolçularını da anlayıram. Bütün bu xüsusiyyətlər bizə təsir göstərir, ona görə ki, mövsümün sonunda komandaya belə qısa müddətdə çox sayda çətin matçlar keçirmək lazım gələcək. Odu ki, bizə bu oyunlara cəhdlə hazırlaşmaq qalır. Qarşıda hələ 5 çempionat, minimum 2 kubok matçı var və biz bu qarşılaşmalara maksimum yaxşı vəziyyətdə yanaşmalıyıq. Bütün çatışmazlıqlara baxmayaraq biz komanda ətrafında yaranmış problemləri həll etməli və qarşımızda qoyulmuş vəzifələrin öhdəsindən gəlməliyik”. (klubun rəsmi saytı)
