20 aprel 2011 16:33
“Azərbaycanlı oyunçunun El klasikoda iştirakı üçün 50 il lazımdı”
“Qəbələ”nin müdafiəçisi Mahir Şükürov hazırda futbol oynamadığı üçün yaranan boş vaxtını səmərəli keçirmək üçün İspaniyaya yollanıb. Azerisport.az xəbər verir ki, millimizin də şərəfini qoruyan futbolçu səfər çərçivəsində həm də La Liqanın 32-ci turunun mərkəzi qarşılaşması olan “Real” – “Barcelona” matçını (1:1) da canlı izləmək imkanı qazanıb.
28 yaşlı futbolçu saytımıza müsahibəsində həmin oyunla bağlı təəəssüratlarını bölüşüb: “Mən bu qarşılaşmanın nə dərəcədə vacib əhəmiyyət daşıdığını və onun bütün dünyada necə maraqla gözlənildiyini bilirdim. Amma orda gördüklərim məni sadəcə şoka saldı. Matç ətrafında əsrarəngiz atmosfer və ajiotaj var idi”.
“İspaniyada 3 gün qaldım. Təyyarə Madridə çatanda oyunun başlamasına 5 saat qalırdı. Stadiona isə görüşün start fitindən 30 dəqiqə öncə çatdım. Arena həmin vaxt tam dolmamışdı. Bildiyiniz kimi, orda tribunalar oyuna 10-15 dəqiqə qalmış dolur. Bəribaşdan deyim ki, elə azarkeş dəstəyi altında oynamamaq sadəcə günah olardı. Yaxşı ki, hələ “Ultras”In yerləşdiyi sektora düşməmişdim. Ordan oyunu izləmək ümumiyyətlə çətin idi”.
Mahir komandaların oyununu da dəyərləndirib: “Baxmayaraq ki, mən “Real”a azarkeşlik edirəm, hazırda oyun planında “Barcelona” madridlilərdən güclüdü. Bu, son oyunda da göründü. Kataloniyalılar daha çox oyuna nəzarət edən tərəf idi və qələbəyə də yaxın idilər. Məncə elə İspaniya kubokunun bu günkü final matçında da məhz bu komanda qələbə qazanan tərəf olacaq”.
Bəs görəsən, Mahir nə vaxtsa hansısa azərbaycanlı futbolçunun “El klasiko”dakı çıxışını nə dərəcədə real hesab edir: “Təbii ki, bizim futbolçulardan hansınısa belə qarşılaşmanın iştirakçıları arasında görmək istərdim. Lakin hazırda aramızda çox böyük səviyyə fərqi var. İndi Azərbaycanda “El klasiko”da iştirak edəcək futbolçu yoxdu. Bunun üçün 50 il lazımdı”.
