20 aprel 2011 18:36
Flavinyo: Neftçi`nin çempion olması daha vacibdi
Xəbər verdiyimiz kimi, bu gün Premyer Liqada fevral və mart aylarının "ən yaxşı" oyunçularının mükafatlandırılması mərasimi keçirildi. Azerisport.az xəbər verir ki, Premyer Liqaya sponsorluq edən bankın marketinq meneceri Ramin Vəliyev qaliblərin təmsilçiləri olduqları "Qarabağ" və "Neftçi" klublarını təbrik etdikdən sonra bunları dilə gətirib:
"Hamımız çempionatı yaxından izləyirik. Premyer Liqada futbol həyəcanı davam edir. Mükafatlandırma mərasimi daha tez baş tutmalı olsa da, mart ayında sıx iş qrafiki ilə əlaqədar olaraq bunu həyata keçirə bilmədik və son iki ayın qaliblərini eyni vaxtda mükafatlandırmağı qərar aldıq".
Daha sonra çıxış edən Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev klublara və onların məşqçilərinə bu cür futbolçuları yetişdirdikləri üçün minnətdarlığını bildirdi: "Hər iki kluba uğurlar arzulayıram. Arzu edirəm ki, mövsüm yekunlarına əsasən uğur qazanıb Azərbaycanı Avropada layiqincə təmsil etsinlər".
Azərbaycan milli komandasının heyətində olan "Qarabağ"ın hücumçusu Rauf Əliyevin əvəzinə mükafat klubun mətbuat katibi Nurlan İbrahimova təqdim olundu. "Rauf Əliyev üçün səs verən hər kəsə minnətdarlığımı bildirirəm. Bu, təsadüfi olmadı. "Qarabağ" fevral və mart aylarında bütün oyunlarda qalib gəldi. Bunu gözləyirdik. Klubun adından təşəkkürümü bildirirəm".
Mart ayının ən yaxşı oyunçusu seçilən "Neftçi" klubunun yarımmüdafiəçisi Flavinyonu təbrik edən klubun baş məşqçisi Arif Əsədov da fikirlərini bildirib: "Rauf Əliyevi və baş məşqçisi Qurban Qurbanovu təbrik edirəm. Rauf Azərbaycan futbolunda özündən söz etdirən futbolçudu. Artıq 3-cü dəfədir ki, "Neftçi"nin futbolçusu bu ada layiq görülür. Bu da "Neftçi"nin sabit oyun göstərdiyini bildirir. Bu uğurda bütün komandanın əməyini qeyd etmək lazımdı".
PFL tərəfindən mükafatlandırılan "Neftçi"nin braziliyalı futbolçusu isə KİV nümayəndələrinin suallarını cavablandırıb: "Mənə səs verən hər kəsə öz təşəkkürü bildirirəm. Artıq 2-ci dəfə bu ada layiq görülürəm, əməyim qiymətləndirilir. Çempionatdakı bir çox futbolçular da bu ada layiq idi. AZAL-dan Zohair Benouahini, "Xəzər Lənkəran"dan Julius Vobayı, "Neftçi"dən Ruslan Abışovu qeyd etmək istərdim. Pul mükafatını hara xərcləyəcəyimi, hələ ki, bilmirəm. Azərbaycana ilk gələndən ancaq "Neftçi"nin uğurunu düşünmüşəm. Mənə dedilər ki, "Neftçi" bir neçə ildi ki, çempion ola bilmir. Komandamın çempionluğu mənim üçün daha vacibdi. Bütün komandalar bizə qarşı güclü oynayır. Son turda AZAL da yaxşı oynadı. "Qarabağ" və "Xəzər Lənkəran" klublarını qeyd etmək istərdim, yaxşı komandalardı. Mənim və ya komanda yoldaşım Bahodir Nasimovun qol vurmasının elə də əhəmiyyəti yoxdu. Əsas "Neftçi"nin çempion olmasıdı. İstərdim ki, Azərbaycan komandası Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparsın".
