20 aprel 2011 18:52
Rövşən Əmiraslanov üçün mövsüm erkən bitdi
Son ölkə çempionu “İnter”in gənc hücumçusu Rövşən Əmiraslanov üçün mövsüm vaxtından əvvəl başa çatıb. Azerisport.az xəbər verir ki, onun Premyer Liqanın 27-ci turunun Lənkəranda keçirilən oyundakı zədəsi kifayət qədər ciddidi və qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcəyi dəqiqləşib.
Bu haqda komandanın baş məşqçisi Kaxaber Sxadadze məlumat verib: “Təəssüf, Rövşən ayaq barmağını sındırıb. Onun zədə aldığı zaman baş vermiş kuryoza diqqət yetirin. Rövşən qazonda qalıb və ağrıdan qıvrılırdı. Hakim isə həmin anda ona sarı vərəqə göstərdi. Qətiyyən başa düşmək olmur ki, az qala ayağını sındırmış və ciddi zədə almış futbolçuya nəyə görə xəbərdarlıq edilirdi? Təəssüf ki, mövsüm, çox güman ki, onun üçün artıq başa çatdı”.
