20 aprel 2011 00:06
Vəli Qasımov: Yenilgidə hakim səhvi də rol oynadı
İtaliyanın Olbiya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə İspaniyanın “Barcelona” klubunun müvafiq yaş qrupundan ibarət komandası arasında keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, komandamızın çalışdırıcısı 2:4 hesablı yenilgidən sonra bunları dilə gətirib:
“Birinci hissədə yaxşı oynadıq. Komanda mübarizə apardı. Fasilədən sonra temp bir qədər aşağı düşdü. Nəticənin bü cür olmasında hakim səhvi də rol oynadı. Hesab bərabər olarkən rəqibimiz üçüncü qolu oyundankənar vəziyyətdən vurdu. Hətta buna görə oyun başa çatdıqdan sonra hakim bizdən üzr istədi. Ümumi götürdükdə, komanda oyun planında kənardan pis görünmürdü”.
