21 aprel 2011 01:25
Mbo Mpenza: Azərbaycanlı futbolçuları klublarımıza təklif edə bilərəm
“Neftçi”nin hücumçusu Emil Mpenzanın qardaşı Mbo Mpenza azerisport.az saytına müsahibəsində Bakıya səfərindən , “Anderlecht”in heyətində “Neftçi”yə qarşı çıxışından və qardaşının Azzərbaycan klubuna keçidindən danışıb.
- Bakıya gəlişinizin məqsədi nədi?
- Düzünü desəm, qardaşım üçün çox darıxmışdım. Çoxdan idi görüşmürdük. O, mənə çox yaxındı. Məhz bu üzdən məni Bakıya dəvət edən kimi, dərhal razılaşdım.
- Amma siz öncə də bura gəlmişdiz, elədi?
- Bəli, ikinci dəfədi gəlirəm. Bakı çox dəyişilib. İndi gözəlləşib. Çoxlu yeni tikintilər var. Sizin şəhər sadəcə tanınmaz olub. Xüsusilə sahilboyu zona çox gözəldi.
- İlk gəlişinizi necə xatırlayırsız?
- Bəli, bu 2005-ci ildə olmuşdu. O zaman “Anderlecht”in heyətində gəlmişdim. Onda biz Emilin hazırkı komandasına qarşı oynayırdıq.
- Həmin oyun necə yadınızda qalıb?
- Əgər xatirinizdədirsə, biz bütün suallara elə ilk oyundaca aydınlıq gətirmişdik. 5:0 hesablı qələbə qazanmışdıq. Buna görə də cavab oyunu elə də ciddi önəm daşımırdı. Biz o zaman Bakını gəzə, bir çox maraqlı şeylər görə bildik. İndi isə Azərbaycan çempionatı çox dəyişib. Uğurlarınız da artmağa başlayıb. Sizin üçün hər şey hələ yenicə başlamaqdadı.
- Mbo Mpenza hazırda nə işlə məşğuldu?
- Belçika televiziyasında şərhçi işləyirəm. Çempionlar Liqasının və yerli çempionatın oyunlarını şərh edirəm.
- Onda siz yəqin ki, Belçika – Azərbaycan matçını izləmisiz?
- Əlbəttə. Komandanız sadəcə ilk 15 dəqiqədə oyun göstərə bildi. Ondan sonra isə özlərini itirdilər. İstənilən halda bizim oyunçuların səviyyəsi daha yüksək idi. Azərbaycanın Brüsseldə nəsə etməsi onsuz da real deyildi.
- Belçikanın AÇ-2012-yə yollanmaq şanslarını necə qiymətləndirirsiz?
- Mənim fikrimcə, şanslarımız elə də çox deyil. Amma növbəti tsikldə hər şey fərqli olacaq. Çünki indiki gənc futbolçularımız kifayət qədər təcrübə toplamış olacaqlar.
- Azərbaycan çempionatı ilə maraqlanırsız?
- Son dövrlərdəki nəticələrlə tanışam. İnternetlə izləməyə çalışıram. İnanıram ki, “Neftçi” indiki üstünlüyü qoruya və çempion ola biləcək. Təəssüf ki, cümə günü artıq Bakını tərk etməli olacam. Amma Emilə söz vermişəm ki, “Neftçi” çempion olsa, son turda yenə gələcəm.
- Yeri gəlmişkən, Emilin “Neftçi”yə keçidini eşidəndə, bunu necə qarşılamışdız?
- Öncə, buna inanmamışdım. Hətta ona sual verdim ki, sən nə etdiyindən əminsən? Qardaşımsa hə cavabını verdi. “Neftçi” çempionluğa oynayır və Çempionlar Liqasında çıxış etmək istəyir. İndi başa düşürəm ki, qardaşım düzgün addım atıb. Üstəlik o, burda özünü əla hiss edir. Çempion olsalar, onun debütü də uğurlu alınmış olacaq.
- Menecerlik fəaliyyəti ilə də məşğulsuz?
- Xeyr, bu işlə məşğul olmaq istəmirəm. Amma faydalı məsləhətlər verməyə həmişə hazıram. Məsələn, Belçika klublarına Azərbaycan yığmasının üzvlərindən hansınısa məsləhət görə bilərəm.
