21 aprel 2011 14:27
Rednik: Hərdən pulunu almaq üçün anası da gəlirdi
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik elə vaxtilə cənub təmsilçisində top qovmuş həmyerlisi Klaudio Radukanu ilə bağlı diqqətçəkən açıqlamalar verib. Azerisport.az xəbər verir ki, o, Rumıniya mətbuatına müsahibəsində sözügedən futbolçuyla birgə çalışdığı günləri belə xatırlayıb:
“Meydanda bu, hiss olunmasa da, aşkar görünürdü ki, Radukanunun ciddi çətinlikləri mövcuddu. Mən onun həyat yoldaşı Alislə necə problemlərinin olduğunu da bilirdim. О, Radukanuya kələk gəlirdi. Bəzən elə olurdu ki, klubun düşərgəsinə gəlib onun pulunu tələb edir və ya nə vaxt veriləcəyini soruşurdu. O, ərinin bütün pullarını alıb aparırdı. Hərdən pulunu almaq üçün anası da gəlirdi. Bu, inanılmaz idi. Onun az qala şirəsini çəkib çıxarırdılar. Sonralar hətta eşitdim ki, guya o, dost-tanışlarından borca da pul alırmış. Mən bir dəfə bununla bağlı onunla ciddi söhbət etdim və bildirdim ki, sən çox pis “ilişmisən”. Ona bildirdim ki, bu boyda karyera qurmusan, niyə onun məhvinə mane olmursan? Lakin o, məni başa düşmədi”.
