22 aprel 2011 14:23
Qarabağ - İnter: Üstünlük Ağdam klubunun tərəfindədi
Premyer Liqanın final mərhələsinin 2-ci dövrəsi start götürür. Azerisport.az xəbər verir ki, “Qarabağ” 10 turluq marafonun 6-cı pilləsində son çempion “İnter”i qəbul edəcək.
Bazar günü baş tutacaq “Qarabağ” – “İnter” dueli sayca 32-ci olacaq. Bura “İnter”in sələfi olan “Xəzər Universiteti”ylə keçirdiyi oyunlarla birlikdə çempionat və kubok görüşlərinin cəmi nəzərdə tutulub. Çempionatda 26, kubokda isə 5 görüş baş tutub. Çempionatda baş tutan görüşlərdə Ağdam təmsilçisinin minimal üstünlüyü var. Ağdamlılar 10 qələbə qazandığı halda 9 dəfə meydanı məğlub tərk edib. 7 oyunda isə 3 xala sevinən olmayıb. Top fərqinə gəlincə, 27 qol vuran “Qarabağ” 20 dəfə qapısında top görüb.
Kubokda isə tərəflər 5 dəfə qarşılaşıblar. Hərəyə 2 dəfə qələbə qazanan komandalar 1 dəfə də heç-heçəyə razılaşıblar.
Qısaca cari mövsümə nəzər saldıqda isə, cari mövsüm ilk oyununda “Qarabağ”ın “Şəfa”da “bankirlər”ə məğlub olduğunu görərik. Dekabrın 4-də Suraxanıda baş tutan cavab görüşündə isə ağdamlılar qələbə qazanan tərəf olmuşdu. Martın 12-də final mərhələsinin ilk turunda tərəflər yenə “Şəfa”da qarşılaşdı və yenə Rauf hesabı açıb, ardınca Adamiya 2:0-lıq qələbəni rəsmiləşdirdi. (“Qarabağ”ın mətbuat xidməti)
