22 aprel 2011 17:25
Millimizin 17 üzvü tibbi test barədə fikirlərini açıqladı
Almaniyanın Frankfurt şəhərində tibbi müayinədən keçən Azərbaycan milli komandasının üzvləri bu barədə fikirlərini bildiriblər. Azerisport.az futbolçuların fikirlərinin qısa mətnini diqqətinizə çatdırır:
Arif İsayev: «Tibbi testin keçirilməsi müsbət haldır. Bunun sayəsində fiziki göstəricilərimizlə bağlı dəqiq məlumat ala bilirik. Bu praktika bütün dünyada tətbiq olunur və yaxşı effekt verir».
Amit Quluzadə: «Bir müddət əvvəl zədələnmişdim və zədəmi sağaldandan sonra burada iştirak etmək mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki fiziki hazırlığımın hansı səviyyədə olduğunu öyrənmək imkanım olacaq».
Vladimir Levin: «Hər şey yüksək səviyyədə təşkil olunub. Tibbi personal nə etməli olduğumuzu dəqiqliklə izah etdi. Nəticələrin necə olacağı mənim üçün çox maraqlıdır».
Vüqar Nadirov: «Milli komanda birinci dəfə deyil ki, tibbi test verir və bunun yaxşı hal olduğunu düşünürəm. Futbolçu kimi daha çox nəyin üzərində çalışmalı olduğumuzu öyrənirik».
Elvin Məmmədov: «Hər şey yüksək səviyyədə təşkil olunub. Testin nəticəsinə uyğun olaraq, hazırlıq səviyyəmiz müəyyənləşəcək və cavabların necə olacağı çox maraqlıdır».
Vaqif Cavadov: «Artıq üçüncü dəfədir ki, millinin heyətində Almaniyada tibbi müayinədən keçirik. Nəticələri bildikdən sonra daha çox hansı istiqamətdə çalışmalı olduğumuz müəyyənləşəcək. Ümid edirəm ki, milli komandada olduğu kimi, klublarda da tibbi testlər keçiriləcək».
Vurğun Hüseynov: «Fiziki hazırlığımızın hansı səviyyədə olması ilə bağlı məlumat alacağıq. Bu, hər bir futbolçu üçün çox vacib məsələdir. Testi tələb olunan qaydada verdik. Nəticələrə uyğun olaraq, daha çox çalışacağıq».
Kamran Ağayev: «Təkcə futbolçular üçün yox, bütün idmançılar üçün tibbi testdən keçmək vacibdir. İlk baxışda hazırlıq səviyyəmizin pis olmadığı görünür. Amma dəqiq cavab testin nəticəsi açıqlananda bilinəcək».
Rəşad Sadıqov: «Qarşıda iki vacib oyunumuz var. Qazaxıstan və Almaniya yığmaları ilə oyuna hazırlıq baxımından bu tibbi test böyük əhəmiyyət daşıyır. Hər testin nəticəsi açıqlanandan sonra məşqçilər futbolçulara çatışmayan cəhətlərini deyir, nəyin üzərində çalışmalı olduqlarını izah edir».
Rauf Əliyev: «Bildiyimə görə, bu testin nəticələri barədə millinin bütün üzvlərinin çıxış etdiyi klublara da məlumat veriləcək. Mənim fikrimcə, bu, çox yaxşı haldır. Çünki klubdakı məşqçilərin də futbolçuların hazırlıq səviyyəsi ilə bağlı məlumatlı olması vacibdir».
Maksim Medvedev: «Bu testin köməkliyi ilə hər birimiz nə qədər hazır olduğumuzu biləcəyik. Çatışmayan cəhətlər aşkara çıxacaq və bunların üzərində çalışacağıq».
Ruslan Abışov: «Hər kəs çalışdı ki, normativləri bacardığı qədər yaxşı versin. Ümid edirəm ki, testin nəticələri ötən dəfə ilə müqayisədə daha yaxşı olacaq».
Aleksandr Çertoqanov: «Test normal keçdi. Millinin üzvlərinin çoxu artıq iki dəfə test vermişdi. Əsas odur ki, nəyin üzərində çalışmalı olduğumuzu biləcəyik».
Rail Məlikov: «Artıq üçüncü dəfədir ki, Almaniyada tibbi testdən keçirik. Bu, çox əhəmiyyətli prosesdir. Çünki bütün futbolçular öz gücünü bilməlidir. Nəticələr hələ bəlli olmasa da, ilk baxışdan hamının testi yaxşı verdiyi görünürdü».
Cəmşid Məhərrəmov: «Tibbi test normal keçdi. Bu şəraiti yaratdığı üçün AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm. Çünki bu testin nəticəsində fiziki hazırlığımız və səhhətimiz barədə dəqiq məlumat əldə edirik».
Ruslan Əmircanov: «Ümid edirəm ki, testin nəticəsi məşqçilərimizi qane edəcək. Klubda əsas heyətdə daim çıxış edə bilmədiyim üçün bu testin nəticələrinin necə olacağı mənim üçün çox maraqlıdır. Ümid edirəm ki, testin nəticəsi yaxşı olacaq və millinin heyətində möhkəmlənə biləcəyəm».
Əfran İsmayılov: «Burada bizə əla şərait yaradılmışdı. Məncə, komandanın bütün üzvləri testi yaxşı verdilər. Baş məşqçi də, ümumilikdə, testin yaxşı keçdiyini bildirdi. Təbii ki, çatışmazlıqları öyrənəcək və bunun üzərində çalışacağıq». (AFFA-nın rəsmi saytı)
