22 aprel 2011 18:15
AFFA-dan ilk PRO kateqoriyalı məşqçi kursları
2011-ci ilin iyun ayında AFFA tərəfindən UEFA-nın PRO kateqoriyalı lisenziya kursları başlayacaq. Azerisport.az xəbər verir ki, kurslarda iştirak üçün tələb olunanlar aşağıdakılardı:
- Kurslara «A» kateqoriyasını (yaxşı qiymətlərlə) əldə etdikdən sonra ən azı 1 il müddətində aktiv fəaliyyətdə olmuş (klub və ya milli komandalarda işləmiş) məşqçilər buraxılır.
- Klubdan ödəniş haqda zəmanət və ya 100% nağd ödəniş.
- Sağlamlıq haqqında arayış.
- İştirak etmək istəyən mütəxəssisdən AFFA-nın baş katibinin adına ərizə.
- Ödəniş məbləği - 4000 AZN
PRO lisenziya kurslarında bəzi praktiki dərslər məşqçilərin işlədikləri klublarda aparılacaq. Buna görə, növbəti mövsüm klubda, yaxud milli komandalarda işləməyən və kurslarda iştirak edən mütəxəssislər avqustun 1-dən 7-dək olan müddətdə Azərbaycan Premyer Liqasında çıxış edən klublardan birində praktika keçməlidir. Bundan əlavə, kurslarda iştirak edən məşqçilər yüksək səviyyəli və uşaq futboluna xüsusi diqqət yetirilən 2 fərqli xarici klubda hərəsində 1 dəfə olmaqla təcrübə keçməlidirlər.
Klubları seçərkən aşağıdakı şərtlərə riayət olunmalıdı:
- Azərbaycan Premyer Liqası klublarından birində hazırlıq mərhələsində 1 həftəlik praktika (1 – 7 avqust 2011-ci il)
- Qərbi Avropanın yüksək səviyyəli 2 müxtəlif klubunda çempionat ərzində və ya hazırlıq mərhələsində hər biri 1 həftəlik 2 praktika
Praktika keçmək və praktikanı planlaşdırmaq kurs iştirakçılarının öz öhdəlikləridir. Praktika üçün çəkilən bütün xərclər iştirakçı tərəfindən ödənilməlidir. İştirakçı özünün işlədiyi klubda praktika keçə bilər. Bir şərtlə ki həmin komanda ölkə çempionatının yüksək liqasında çıxış etməlidir.
Bütün iştirakçılar keçəcəyi hər bir praktika haqqında 2011-ci il iyulun sonunadək AFFA-ya yazılı şəkildə məlumat verməlidir. Məlumatda aşağıdakılar qeyd olunmalıdı:
- praktikanın tarixləri
- praktikanın keçiləcəyi klub
- cavabdeh məşqçi
- praktika keçəcəyi klubdan zəmanət məktubu
Bütün praktikalar 2012-ci ilin mart ayının əvvəlinə qədər keçilmiş olmalıdır.
UEFA-nın qaydalarına uyğun olaraq, hər hansı iştirakçı kursdakı iştirak saatlarının 10%-dən artıq müddətində iştirak etməsə, avtomatik olaraq həmin iştirakçıya lisenziya verilməyəcək.
2011-ci ilin təqvimi aşağıdakı kimidi:
27 iyun – 2 iyul
1 avqust – 7 avqust
26 sentyabr – 8 oktyabr
15 noyabr – 19 noyabr
18 dekabr – 19 dekabr
Yerlər məhduddu. Sənədlərini tam şəkildə təqdim edən ilk 12 mütəxəssis kurslarda iştirak edə biləcək.
Qeyd edək ki, AFFA belə kursları təşkil etmək üçün UEFA-dan yenicə icazə alıb və bu, bir ilk olacaq.
