22 aprel 2011 00:39
Azərbaycan çempionu üçün daha bir rəqibin kimliyi dəqiqləşdi
Danimarka çempionatının yeni mövsümünün qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, “Copenhagen” hələ mövsümün başa çatmasına 7 tur qalmasına rəğmən qızıl medalları özü üçün təmin edib.
Stole Solbakkenin yetirmələri çempionluğu “Lyngby” ilə səfər matçında qazandıqları 2:1 hesablı qələbə sayəsində təmin ediblər. Bu komandanın əsas izləyicisi olan “Odense” isə doğma meydanda “Nordsjaelland”a eyni hesabla yenilincə, bütün suallara vaxtından xeyli öncə aydınlıq gəlmiş olub. Nəticədə “Copenhagen” tarixində 9-cu dəfə Danimarka çempionu adını qazanıb.
Qeyd edək ki, geridə qalan 26 turda yeni çempion 21 qələbə qazandığı halda, 4 heç-heçə edib və cəmi 1 qarşılaşmada yenilgiylə üzləşib. Qalan 7 turdakı oyunlar isə bu komanda üçün tamamilə formallığa çevrilib.
Beləliklə, “Copenhagen” həm də yayda startı veriləcək Çempionlar Liqasının yeni mövsümündə Azərbaycanı təmsil edəcək klub üçün potensial rəqibə çevrilib.
