23 aprel 2011 14:28
Samir Əliyevdən səmimi etiraflar
Zaqatalanın “Simurq” klubunun hücumçusu Samir Əliyev azerisport.az saytına müsahibəsində öz karyerasını bitirmək istəyindən və gələcək karyerasından danışıb.
- Mətbuatda artıq karyeranı başa vurmağa hazırlaşdığın yazılır...
- Hələ bu haqda götür-qoy edirəm. Bilirsiz ki, mən hazırda “Simurq”da çıxış edirəm və komandamı bu vəziyyətdə görmək qətiyyən xoş deyil. Amma heyətimizdə çox az təcrübəli oyunçu var. Buna görə də demək оlar hər tur xal itiririk. Daha bir il futbol oynamaq istəyirəm. Amma hər şeyə yayda aydınlıq gələcək. Əgər təklif olsa oynayacam, olmasa, karyeramı bitirəcəm.
- Hələ bu haqda götür-qoy edirəm. Bilirsiz ki, mən hazırda “Simurq”da çıxış edirəm və komandamı bu vəziyyətdə görmək qətiyyən xoş deyil. Amma heyətimizdə çox az təcrübəli oyunçu var. Buna görə də demək оlar hər tur xal itiririk. Daha bir il futbol oynamaq istəyirəm. Amma hər şeyə yayda aydınlıq gələcək. Əgər təklif olsa oynayacam, olmasa, karyeramı bitirəcəm.
- Vaxtilə siz sərhəddən kənarda da çıxış etmisiz. Lakin azərbaycanlı futbolçuların xaricə getməsi heç də tez-tez rast gəlinən hadisə deyil. Bu məsələyə sizin münasibətiniz maraqlıdı. Futbolçularımızın legioner həyatı yaşamasına nə mane olur?
- Ən əsası istəkdi. Əgər futbolçu özü xaricdə oynamaqda maraqlıdısa, bunu edəcək. Hər bir futbolçu hər gün öz üzərində işləməlidi. Əlbəttə, legioner üzərində həmişə təzyiq hiss edir. Necə ki, biz də Azərbaycana gələn legionerlərdən keyfiyyət tələb edirik. Orda da biz eyni münasibətlə üzləşirik. Futbolçu da öz üzərində gündən-günə çox çalışmalı, rəqabəti qazanmalıdı. Futbolun qanunudu – güclüsənsə, heyətdə düşəcəksən. Hər bir baş məşqçi qalib gəlmək istəyir və bu yolda güclü futbolçusunu heç vaxt ehtiyatda saxlamaz.
- Ukrayna “Volın”ında top qovanda sizin hansı problemləriniz olurdu?
- Biz öz işimizi görürdük. Buna görə də heç bir problemimiz olmurdu. Onda Kamal Quliyev, Mahmud Qurbanov, İlham Yadullayev, Tərlan Əhmədov Ukraynada top qovmaq imkanı qazandı və bunun öhdəsindən layiqincə gəldilər. O vaxt bizdə məlum səbəblərdən çempionat keçirilmirdi. Ona görə bilirdik ki, bütün Azərbaycan öz legionerlərinə azarkeşlik edirdi. Hər oyundan sonra jurnalistlər bizimlə əlaqə saxlayırdılar. Hər bir azərbaycanlı futbolçu başa düşməlidi ki, xaricə transfer olunandan sonra ona əsas heyətdə yerini ancaq özü qazanmalıdı.
- Mümkündü ki, bizimkilər burda daha çox qazandığı üçün xaricə getmək istəmirlər?
- Belə düşünmürəm. Problem bizim mentalitetimizdədi. Bizim futbolçularda xarakter yoxdu. İstəyirik ki, dərhal əsas heyətə düşüb, özümüzü evdəki kimi hiss edək. Bilin ki, hansısa futbolçumuz legioner həyatı yaşaya bilməyib, geri qayıdırsa, deməli problem onun özündədi.
- Sizcə, bizim oyunçulardan hansılar ən azı qonşu Rusiya, Türkiyə, Ukrayna kimi ölkələrdə çıxış edə bilər?
- Bunu demək çətindi. Bütün bu ölkələrin çempionatları bizimkilərdən güclüdü. Biz indi hələlik Rusiyanın birinci divizionunda oynaya biləcək futbolçular axtarmalıyıq. Çünki onların yüksək liqası çox çətindi. Hər halda xaricdə özünü sübut edə biləcək futbolçularımız var.
- Siz öz vaxtınızda Rusiya çempionatında çıxış edə bilərdiniz...
- “Volın”da çıxış edərkən Kazan “Rubin”i mənimlə maraqlanırdı. O zaman əla formada idim. “Rubin” isə Rusiyanın ortabab klublarından sayılırdı. Amma sonra Kurban Berdıyev heç məni baxışa da çağırmadı. Ona Azərbaycandan olduğumu eşidəndə deyibmiş ki, biz zəif xarakterə malikik. Düz də demişdi. Biz bu planda rəqabət apara bilmirik. Bu keyfiyyət bizdə çatışmır. Burda oynayırıq və elə hesab edirik ki, biz ən yaxşıyıq.
- Bu yaxınlarda məlumat yayıldı ki, Kamran Ağayev Almaniyanın “Eintracht” klubuna transfer olunacaq...
- Bu, yaxşı olardı. Onun gözəl göstəriciləri var. Öz üzərində daha da çox işləməlidi. Hələ 25 yaşı var. Əlbəttə, heç kim ona əsas heyətdə yer təminatı vermir. Amma ora gedəcəksə, maksimuma nail olmaq üçün əlindən gələni etməlidi. Əgər Kamran 27 yaşa kimi gedə bilməsə, ondan sonra getməsi də əbəsdi. Qoy getsin, biz də ona azarkeşlik edək.
