23 aprel 2011 14:31
Vəli Qasımov: Bunun üzərində çalışmalıyıq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə Rusiyanın “Zenit” klubunun müvafiq yaş qrupundan ibarət komandası arasında bu gün keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, millimizin çalışdırıcısı 3:2 hesabıyla qələbə qazandıqları qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Birinci hissədə çox yaxşı oynadıq. Fasilədən sonra temp aşağı düşdü. Bunun da səbəbi son günlər ardıcıl olaraq oyunlar keçirməyimizdi. Demək olar ki, hər oyunda qol vurmağımız yaxşı haldı. Amma eyni zamanda hər oyunda qol buraxmağımız bizi qayğılandırır. Bunun üzərində çalışmalıyıq”.
