24 aprel 2011 17:58
Ramiz Məmmədovun komandası çempionla sülh bağladı (YENİLƏNİB)
Bu gün Qazaxıstan çempionatında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun çalışdırdığı “Atırau” səfərdə son ölkə çempionu “Tobol”un qonağı olub.
Qeyd edək ki, bu komandalar cəmi bir neçə gün öncə Qazaxıstan kubokunda da üz-üzə gəlmişdilər. Həmin görüşdə Ramiz Məmmədovun yetirmələri 2:1 hesabıyla öndə olduqları qarşılaşmanın son 3 dəqiqəsində 2 qol buraxaraq, kubokla vidalaşmışdı. Yenə də çempionla səfərdə qarşılaşan həmyerlilərimizin komandası bu dəfə həmin yenilginin təsadüfi olduğunu isbatlamağa çalışırdı. Lakin həmin oyunda 5 qol vuran tərəflər bu dəfə sükutu poza bilməyiblər və qarşılaşma qolsuz bitib.
Beləliklə, cəmi 2 oyunda qələbə qazanıb, 3-də heç-heçə edib, 3-də də məğlubiyyət acısı yaşayan həmyerlilərimizin komandası topladığı 9 xalla 8-ci pillədə qərarlaşıb.
Qazaxıstan Superliqası
8-ci tur
24 aprel
TOBOL – ATIRAU - 0:0
