24 aprel 2011 19:40
Toni Adams: MOİK bizdən daha yaxşı oyun göstərdi
Premyer Liqanın 28-ci turunda Qəbələyə səfər edən MOİK yerli komanda ilə oyunda qolsuz heç-heçəyə nail oldu - 0:0. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra baş məşqçilər oyunla bağlı bunları dilə gətirib:
Ramil Əliyev, MOİK-in baş məşqçisi: "Bu gün ikinci altılığın autsayderi ilə lider komandası qarşılaşdı. Buna baxmayaraq, oyun maraqlı keçdi, bir neçə qol imkanlarımız oldu. "Gəncə" ilə oyundan sonra heyətdə aparılan dəyişikliklər öz bəhrəsini verdi. Rəşad Hacızadənin layiqli oyununu qeyd etmək istərdim. Bundan sonra da gənc oyunçulara şans verəcəyik. Sonuncu pillədən qurtulmağa çalışacağıq. "Qəbələ"yə uğurlar arzulayıram".
Toni Adams, "Qəbələ"nin baş məşqçisi: "Komandadan narazı qaldım. İlk hissədə oyuna çox pis başladıq. Komanda oyuna çox arxayın başladı. Ola bilər ki, ötən tur qazanılan qələbədən sonra bu gün də rahat qalib gələcəklərini düşünüblər. Düşünürəm ki, bu gün MOİK bizdən daha yaxşı oyun göstərdi”.
