24 aprel 2011 12:48
Rail Məlikov: XL da çempion ola bilər
“Neftçi”nin kapitanı Rail Məlikov Premyer Liqanın 28-ci turunun “Bakı” ilə oyunundan (2:0) sonra azerisport.az saytına müsahibə verib.
- Öncə oyunla bağlı fikirlərini bilmək istərdik.
- Çox çətin oyun alındı. Yaxşı oynadıq. Əgər qalan oyunlarda da belə istəklə oynasaq, onda bizim çempionatın qalibi olmağımıza heç kim və heç nə mane ola bilməz. Final mərhələsində artıq 6 oyun keçirmişik və ən çətinləri də sonuncu AZAL və “Bakı” ilə qarşılaşmalar idi. Belə oyunlar ümumiyyətlə cari mövsümdə olmamışdı. “Bakı”nı ümumiyyətlə bu mövsüm belə görməmişdim. Əgər Aleksandr Starkovun komandası mövsümün əvvəlindən belə oynaşaydılar, yəqin ki, birinci yer uğrunda mübarizə aparardılar.
- Bu komandalar sizi belə nə ilə təəccübləndiriblər ki?
- Ötən oyunumuzdakı AZAL qədər bizə heç kim elə çətinliklər, qapımız qarşısında qol vəziyyətləri yaratmamışdı. Rəqibimizin belə keyfiyyətli qol vəziyyətlərini mən çoxdan idi görmürdüm. Hətta “Xəzər Lənkəran” və “Qarabağ” da cari mövsümdə bunu bacarmamışdı.
- Bəlkə, izləyicilərinizlə aradakı xal fərqi artdığı üçün siz rəqiblərinizə belə oyun sərgiləməyə imkan verirsiz?
- Xeyr, bu, mümkün deyil. Amma məncə, “Bakı” belə oynamağa davam etsə, kubokda “Xəzər Lənkəran”a qalib gələcək.
- Yeri gəlmişkən, Vaqif Cavadovla aranızda nə baş vermişdi?
- Xüsusi heç nə olmamışdı. Sadəcə oyun vəziyyəti idi. Epizodların birində onun əli mənim gözümə dəydi. Amma belə heç nə olmamışdı.
- Mövsümün sonuna artıq 4 tur qalıb...
- Bizə istəyimizə çatmaq üçün bu oyunlardan ən azı ikisində də qalib gəlmək lazımdı.
- Artıq növbəti turda çempionluğun taleyini həll edə bilərsiz. Sizin üçün bunu erkən həyata keçirmək vacibdi?
- Şübhəsiz ki, bunu nə qədər tez etsək, bir o qədər yaxşıdı.
- Belə olan halda ikinci pillədə kimi görürsüz?
- Biz nə qədər çempionluğa yaxın olsaq da, hələlik buna nail olmamışıq. Ola bilər ki, Lənkəran klubu da çempion olsun. Hələ birinci yeri özümüzə təmin etmədən, qətiyyən arxayınlaşa bilmərik.
