25 aprel 2011 17:15
“Bizim qapıçılar korpusu kiçik ailədi”
Azerisport.az sizi “Abşeron”un qapıçılarla işləyən məşqçisi Etibar Tarıverdiyevin müsahibəsi ilə tanış edir. Qeyd edək ki, Azərbaycan futbolunda kifayət qədər söz sahibi olan Etibarın böyük futbol təcrübəsinə söykənən qapıçılıq karyerası var.
- Komandanın uğur qazanmasında qapıçıların da, əməyi az olmayıb. Yəqin ki, onların çıxışı sizi qane edib?
- Uğurumuzda bütün futbolçuların əməyi böyükdü. Buna görə də, bölgü aparmaq istəməzdim. Baş məşqçimiz Mirbağır İsayev bütün xətlərdə etibarlı oyun nümayış etdirən kollektiv formalaşdırıb. Çox şadam ki, qapıçılarımız komandamızın oyunçularının əməyini heçə endirməyiblər. Onlar öz inamlı oyunuyla bütün kollektivə ruh verərək yüksək nəticələrin qazanılmasına öz töhfələrini veriblər.
- “Abşeron” mövsüm ərzində birdən-birə 2 qapıçısını ölkənin 1 nömrəli komandasına və olimpiya yığmasının heyətinə göndərib...
- Təbii ki, bu fakt bizi sevindirməyə bilməz. Ancaq mən bunu təsadüfi saymıram. Andrey Popoviçi mən hələ aşağı yaş qrupu üzrə milli komandlarla işləyəndən tanıyırdım. İstedadlı qapıçıdı, yüksək insani keyfiyyətlərə malikdi. Osman Umarov da, həmçinin. Sadəcə əvvəlki klublarında əsas heyətə düşə bilmədiklərindən oyun praktikası çatışmazlığından əziyyət çəkirdilər. Onları “Abşeron”a dəvət etrməklə güclü rəqabət yaratdıq. Nəticəsi də, özünü göstərdi.
- Ancaq onlarla yanaşı Vladimir Miçoviçi də, yaddan çıxartmaq olmaz. Birdən-birə 3 qapıçı birinci divizion təmsilçisi üçün çox deyil?
- Miçoviç xüsusi qiymətə layiq futbolçudu. Onun komandada olması digər 2 futbolçumuz üçün böyük məktəbdi. Bizim qapıçılar korpusu kiçik ailədi. Miçoviç isə bu ailənin ağsaqqalıdı. O, gözəl insandı. Andreylə Osman Şərq mentalitetinə uyğun olaraq böyük-kiçik yeri biləndilər. Ona görə də, nə məşq prossesində, nə də kənarda heç bir problem yaşamırıq. Hər addımımız ümumi işin xeyrinədi.
- Siz eyni zamanda olimpiya milli komandamızın qapıçılarla işləyən məçqçisisiniz. Bu sahədəki işləriniz barədə nə söyləyə bilərsiniz?
- Bilirsiniz, mən olimpiya milli komandamızın baş məşqçisi Bernard Lippertlə bir neçə ildi ki, U-17-də birgə işləyirəm. U-21-də bizim böyük hörmət bəslədiyimiz Cəmaləddin Əliyev çalışırdı. Cəmaləddim müəllim “İnter”i çətin mövsüm gözlədiyindən diqqətini kluba yönəltməsi səbəbindən Lippert bu postu mənə həvalə etdi. Qeyd etdiyim kimi, bir-birimizə yaxşı bələd olduğumuzdan təklifi qəbul etdim.
- “Abşeron” artıq Premyer Liqaya vəsiqəni təmin edib. Qarşıda isə yeni hədəflər durur. Qapıçılarla bağlı hansı planlar nəzərdə tutulub?
- Hələ ki, çempionat baça çatmayıb, bu barədə danışmağın hələ tez olduğunu hesab edirəm. Komandanın baş məşqçisilə çempionat başa çatandan sonra təbii ki, məsləhətləşmələr aparacağıq. İcarə müddəti bitənlərlə şübhəsiz ki, danışıqlıqlar aparılacaq, təkliflər irəli sürüləcək. Gəlin hadisələri qabaqlamayaq.
- Debüt ilində yüksək liqaya vəsiqə qazanan “Abşeron” elitada pərəstişkarlarını nə ilə sevindirə bilər?
- Əgər komandamız bu mövsüm sərgilədiyi oyunla çoxlarının rəğbətini qazanmağa nail oldusa, demək Premyer Liqada azarkeşlərinin sayını artıracaq. Güclü azarkeş dəstəyinə malik olan komanda isə gözəl və məzmunlu oyun nümayiş etdirməyə məhkumdur. Əminəm ki, öz dəst-xəttimizə sadiq qalaraq fanatlarımızın sıralarını daha da genişləndirəcəyik.
