25 aprel 2011 18:16
Bilərəkdən vərəqə alan oyunçulara UEFA-dan sərt cəza
UEFA İspaniyanın “Villareal” klubuna sərt cəza kəsib. Azerisport.az xəbər verir ki, qitə futbol qurumu Hollandiyanın “Twente” klubu ilə oynanılan Avropa Liqasının 1/4 final mərhələsinin ilk matçında ispanların 2 oyunçusunun bilərəkdən sarı vərəqə almasına görə “Villarreal”a 60 min avroluq cərimə kəsib.
UEFA bu haqda yaydığı rəsmi açıqlamasında “Villarreal”ın evində 5:1 hesablı qələbə qazandığı həmin matçın son dəqiqələrində bilərəkdən sarı vərəqə alaraq cəzalı duruma düşən Nilmarla Kasorlanın da 20 min avro cərimələndiyini bəyan edib.
Qeyd edək ki, İspaniya klubunun bu addımı nəticəsində Nilmar və Kasorla, gördükləri sarı vərəqələr səbəbindən cavab matçında oynamayaraq cəzalarını doldurmuş, “Villarreal” isə ikinci matçı da səfərdə 3:1 qazanaraq mərhələ adlamışdı. İndi hər iki oyunçu komandasının “Porto” ilə yarımfinal matçında forma geyə biləcək.
