28 aprel 2011 01:38
Real - Messi: 0:2 (YENİLƏNİB)
Çempionlar Liqasının yarımfinal mərhələsində ilk oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq turnirin oyunları yenə çərşənbə axşamı və çərşənbə gününə salınıb.
İlk oyun günü daha çox Almaniya və İngiltərə təmsilçilərinin dueliylə yaddaqalan olub. 1/4 finalda ÇL-in son qalibi olan “İnter”i sürpriz şəkildə turnirdən kənarlaşdıran “Schalke” doğma divarlar arasında “Manchester United”lə dueldən qalib çıxmağa çalışsa da, buna nail ola bilməyib. Almanların növbəti sensasiyasına imkan verməyən ingilislər iki cavabsız səfər qolu sayəsində demək olar ki, finala vəsiqəni həll etmiş olublar. "Schalke"nin cavab görüşündə də nəsə sensasiya etməsi qətiyyən inandırıcı görünmür.
İkinci oyun günündə isə bütün dünya növbəti “El clasico”nun şahidi olub. İspaniyanın iki nəhəngi - əzəli rəqiblər olan “Barcelona” ilə “Real” məhz qitənin ən nüfuzlu turnirinin yarımfinal mərhələsində üz-üzə gəliblər. Qeyd edək ki, bu, tərəflərin 18 gün içində 3-cü dueli kimi gerçəkləşib. Öncə La Liqada qarşılaşan tərəflər 1:1 hesablı heç-heçə ilə kifayətlənmişdilər. Ardından İspaniya kubokunun finalında “Real” minimal hesablı qələbə ilə cari mövsümdə ilk tituluna sahib çıxdı. İndi isə daha ciddi sınaq vardı və bu dəfəki oyunların daha gərgin keçəcəyi şübhəsiz idi. İlk qarşılaşma isə "Barcelona"nın zəfəri ilə yadda qaldı.
Hər şey görüşün 61-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Pepenin meydandan qovulmasıyla başladı. Məhz onun meydandan çıxmasından az sonra kataloniyalıların hücumçusu Messi təsadüfi yerə dünyanın ən yaxşı futbolçusu seçilmədiyini isbatlayıb. Az sonra rəqib müdafiəsini pərən-pərən salan argentinalı daha bir qol vuraraq, demək olar ki, Madrid klubunun işini bitirib. Cavab görüşündə "Real"ın hansısa sürprizə imza atması inandırıcı görünmür.
Çempionlar Liqası
Yarımfinal
İlk oyunlar
26 aprel
Schalke - Manchester United - 0:2 (0:0)
Qollar: Giqqz, 67, Runi, 69.
27 aprel
Real – Barcelona - 0:2 (0:0)
Qol: Messi, 76, 87.
Qırmızı vərəqə: Pepe, 61.
