27 aprel 2011 00:03
Ölkə kubokunda yarımfinal həyəcanı
Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, finala vəsiqə uğrunda AZAL, “İnter”, “Xəzər Lənkəran” və “Bakı” mübarizə aparır.
Yarımfinal iştirakçıları ilə yanaşı güman ki, cütlüklərin tərkibi də çoxlarınıza bəllidi: AZAL həlledici oyuna vəsiqə uğrunda “İnter”lə, XL isə “Bakı”yla münasibətlərinə aydınlıq gətirəcək. Öncə elə məhz XL – “Bakı” duelindən danışaq.
Çempionatın ötən turunda uğursuz seriyaya son qoyan “Xəzər Lənkəran” bundan cəmi dörd gün sonra yenə doğma arenada vacib oyuna çıxır. Amm bu dəfə ölkə kuboku çərçivəsində. Həm “Bakı”, həm də XL üçün kubok mübarizəsinin nə qədər ciddi olduğunu anlamaq üçün çempionatın turnir cədvəlinə diqqət yetirmək kifayətdi. Hazırda ikinci pillədə qərarlaşmış “Xəzər Lənkəran” çempionluq uğrunda mübarizə aparsa da, sona dörd tur qalmış liderlə xal fərqi səkkizdi. Bu səbəbdən mövsümü titulla bitirmək baxımından kubokun çox böyük əhəmiyyəti var.
Elə “Bakı” üçün də kubokun əhəmiyyəti az deyil. Özü də cənublulardan fərqli olaraq paytaxt klubunun bu mövsüm üçün medal qazanmaq şansları qalmayıb. Ona görə də “Bakı” bu yarışa istər titul, istərsə də avrokuboklar baxımından böyük ümidlər bəsləyir. Yəni “zolaqlılar”ın da kuboku qazanmaq istəyi ən azı elə lənkəranlılarınkı qədərdi. Özü də nəzərə almaq lazımdı ki, “Bakı” kubokun hazırkı qalibidi. Axı bakılılar ötən mövsüm məhz Lənkəran klubu üzərində qazandığı qələbə sayəsində kuboku başı üzərinə qaldırmışdı.
Maraq üçün qeyd edək ki, “Xəzər Lənkəran” bu qarşılaşmaya qədər bir birinci divizon təmsilçisini (“MKT-Araz”ı, 3:1) və bir Premyer Liqa klubunu (“Neftçi”ni) kubok uğrunda mübarizədən kənarlaşdırıb. 1/8 final mərhələsində İmişli klubunu asanlıqla yolundan kənarlaşdıran XL-ın xüsusilə “Neftçi”ni iki oyunun nəticəsinə görə 5:4 hesabı ilə üstələməsi böyük maraq doğurdu. “Bakı”nın isə gəldiyi yol nisbətən çətin alınıb. 1/8 finalda öz meydanında “Muğan”la əsas vaxtda 1:1 hesablı heç-heçə edən “zolaqlılar”, penalti seriyasında üstün olaraq növbəti mərhələyə adladı. 1/4 finalda isə paytaxt klubu “Qəbələ” ilə üz-üzə gəldi və iki oyuna bir cavabsız qolla yarımfinala çıxdı.
Bu mövsüm “Xəzər Lənkəran” tarixi ərzində altıncı kubok yarımfinalına çıxacaq. Bu isə o deməkdi ki, komanda yarandığı gündən yalnız bir mövsümdə bu yarışın 1/2 finalına çıxa bilməyib. Həmin yeganə 2008/2009 mövsümündə məhz “Bakı” son dəqiqə qolu ilə “Xəzər Lənkəran”ı 1/4 final mərhələsində dayandırmışdı. Buna qədər oynadığı 5 kubok yarımfinalında 3 dəfə “Xəzər Lənkəran” finala adlaya bilib, iki halda isə kuboka sahib olub. 2004/2005 mövsümündə “İnter”ə, 2005/2006 mövsümündə “Karvan”a bu mərhələdə məğlub olan komanda, 2006/2007 mövsümündə “İnter”, 2007/2008 mövsümündə “Qəbələ”ni, ötən mövsüm isə “Olimpik-Şüvəlan”ı (indiki AZAL) kubokdan çıxarıb.
“Xəzər Lənkəran” 3 dəfə Azərbaycan kubokunda “Bakı” ilə üz-üzə gəlib. İlk görüş 2006/2007 mövsümündə 1/4 final mərhələsində baş tutub. “Qızıl dubl”a gədən yolda komanda rəqibini iki oyunun cəmində 2:1 hesabı ilə üstələmişdi. İkinci oyun yuxarıda qeyd olunan 2008/2009 mövsümündə baş tutub və bu dəfə 1/4 finalda “Bakı” qalib gəlib.
Nəhayət, ötən mövsüm, Azərbaycan kubokunun finalında bu komandalar növbəti dəfə üz-üzə gəldilər. Əsas vaxt 0:0 hesabı ilə bitdiyi halda, oyun əlavə vaxta getdi və burada “Bakı”nın vurduğu iki qola “Xəzər Lənkəran” Elvin Beqirinin qolu ilə cavab verdi. O final qarşılaşmasında ən yaddaqalan və mübahisə doğuran məqam isə “Bakı”nın “Fair Play” borcunu yerinə yetirərkən vurduğu qol oldu. “Bakı”nın ötən çempionatın son turunda “Xəzər Lənkəran”ı məğlub etməklə, rəqibini çempionluqdan etməsi də azarkeşlərin yaxşı yadındadı.
Digər yarımfinal cütündəki rəqiblər isə indiyə qədər kubok matçlarında qarşılaşmayıblar. Bir sözlə ilk dəfə Azərbaycan kubokunda bir-birinə rəqib olan tərəflər siftə edəcəklər. Hələlik kimin güclü olacağı dəqiq bilinməsə də, AZAL nisbətən şanslı hesab olunur. Hər halda son ölkə çempionunun cari mövsümkü uğursuz çıxışı ilə müqayisədə “təyyarəçilər” bu il daha uğurlu oyun sərgiləməkdədi. Elə tərəflərin öz aralarındakı oyunlarda da Nazim Süleymanovun komandası üstün olub. Bir dəfə 5:0, bir dəfə isə 1:0 hesabıyla rəqibini üstələyən AZAL bir dəfə də 1:1 hesablı heç-heçəyə nail olub. Bu isə o deməkdi ki, son çempion üçün bu rəqiblə oyunlar kifayət qədər uğursuz alınır. Onların kubok duellərində sözügedən uğusuzluğa nə dərəcədə son qoya biləcəyi isə maraqla gözlənilir.
Azərbaycan kuboku
1/2 final
27 aprel (çərşənbə)
İnter - AZAL
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. "Şəfa" stadionu. Saat 18:00.
Xəzər Lənkəran - Bakı
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 18:30.
