26 aprel 2011 00:33
Qarabağ Avropada 71-ci, Neftçi 169-cu oldu
Avropanın ən güclü futbol klublarının siyahısı açıqlanıb. Azerisport.az xəbər verir ki, ən məşhur statistika portallarından olan “infobank” son bir il üçün nəzərdə tutulan növbəti reytinq siyahısını yeniləyib.
Bu siyahıda Avropanın ən yaxşı 425 klubu yer alıb. Azərbaycan isə burada ötən həftə olduğu kimi yenə 7 komanda ilə təmsil olunub. Siyahıda Ağdamın “Qarabağ” klubu 1 həftə ərzində irəliləyişə nail olub. “Qarabağ” 7 günə 10 pillə irəliləyərək 2 həftəyə ümumilikdə 16 addım önə keçib. Hazırda “Qarabağ” 71-ci pillədə qərarlaşıb. Bu, Azərbaycan klublarının reytinqdə ən yüksək nəticəsidi.
Hesabında 47,08 xal olan Qurban Qurbanovun komandası 71-ci pilləni “Atletico” (Madrid) klubunun əlindən alıb. Avroliqanın son qalibi olan Madridlilər artıq 91-ci pilləyə enib. “Qarabağ”ın 1 həftə ərzində arxada qoyduğu klublar arasında Şotlandiya “Rangers”i də var.
Digər təmsilçilərimizdən 11 pillə irəliləyən “Xəzər Lənkəran” 111-ci, “Neftçi” 169-cu pillədə qərarlaşıb. Bunlardan “İnter” 227-ci, “Bakı” 249-cu, AZAL isə 254-cü yerə qədər enib. Zaqatalanın “Simurq” klubu isə 416-cı olmaqla siyahıdakı son həftələrini yaşayır.
Qeyd edək ki, siyahıya İspaniya klubları başçılıq edir. Siyahıda “Real” 1-ci, “Barcelona” 2-ci, Portuqaliyanın “Porto” klubu isə 3-cü yerdə qərarlaşıb.
