27 aprel 2011 16:19
Nazim Süleymanov: Qol vurub, buraxmasaq, daha yaxşı olar
AZAL-ın baş məşqçisi Nazim Süleymanov azerisport.az saytına müsahibəsində “Xəzər Lənkəran”a məğlubiyyət və “İnter”lə bu günkü kubok oyunu ilə bağlı fikirlərini açıqlayıb.
- “İnter”lə oyundan hansı nəticə ilə ayrılmağı planlaşdırırsız?
- Bizim üçün əsas finala vəsiqə qazanmaqdı. Buna görə də ilk oyunda bizə nisbətən sərfəli nəticə qazanmaq lazım gələcək. Ötən mövsüm biz “Xəzər Lənkəran”a iki oyun nəticəsinə görə uduzmuşduq. Ötən ilki aqibətimizin təkrarlanmasını istəmirik. “İnter” də kuboku qazanmaqla avrokuboklara yollanmaq istəyir. Buna görə də bizim üçün ikiqat çətin olacaq.
- Bu mövsüm AZAL Premyer Liqa çərçivəsində “İnter”i tam üstələyə bilib. Düşünmək olar ki, kubokda da elə olacaq?
- Çempionatdakı qələbələr artıq geridə qaldı. Kubok isə tamamilə fərqidi. Bizə “bankirlər”lə hər iki dueldə uğurlu çıxış etmək lazımdı. Rəqibimizin əla heyəti var, hansı ki, görüşün taleyini həll edə bilərlər. Son oyunları da göstərir ki, “İnter” çox güclü komandadı. Onlar kifayət qədər təcrübəlidilər. Buna görə də bizim bu oyunlara ciddi hazırlaşmağımız vacibdi.
- İlk oyunda hansı hesab sizi qane edəcək?
- Elə bir nəticə ki, bizim “İnter”i keçməyimizə kömək etsin. Fikrimcə, heç-heçə də pis nəticə olmayacaq. Amma qol vurub, buraxmamaq daha yaxşı nəticə olardı. Komanda üzvləri bilməlidi ki, onları cavab oyunu da gözləyir. Çünki ilk oyundakı qələbə heç də hər şeyi həll etmir.
- Heç kim gözləmirdi ki, AZAL XL-a belə hesabla uduzacaq...
- XL-a məğlubiyyətin günahkarı özümüzük. Elə səhvlər buraxdıq ki, onlardan sonra nəticə qazanmaq haqda düşünməyə dəyməzdi. Bəzi futbolçularımız öz imkanlarından aşağı oynadı. XL çox güclü komandadı. Evdə isə daha güclü oyun sərgiləyirlər. Amma bizim hələ cənublularla oyundakı səhvlərimizi analiz etməyə vaxtımız olacaq. İndi isə ancaq kubok oyunlarını düşünməliyik.
- Lənkərandakı yenilgi sizin avrokuboklara vəsiqə şansınızı da azaltmış oldu...
- Qarşıda hələ bizi 4 oyun gözləyir ki, bu da potensial 12 xal deməkdi. AZAL hələ turnir cədvəlində irəliləyə bilər. Amma eyni zamanda hazırkı yerimizi də itirə bilərik. Bütövlükdə isə çempionatdan avrokuboklara vəsiqə şansımız elə də real deyil. Fikrimcə, Avropaya kuboku qazanmaqla yollanmağımız daha yaxşı olardı. Hazırda da komandamızın bütün diqqəti “İnter”lə oyuna yönəlib. Bilirik ki, “bankirlər”in də bütün ümidləri kubokla bağlıdı. Buna görə də çətin oyun olacağı şübhəsizdi.
- AZAL avrokuboklardan kənar qalsa nə olacaq?
- Bütövlükdə, mövsümü normal hesab etmək olar. Amma avrokuboklardan kənarda qalsaq, bu mövsüm bizim üçün boşuna keçilmiş yola bənzəyəcək. Axı biz Avropaya yollanmaq üçün oynayırıq. Qitə miqyaslı turnirlərə vəsiqə qazana bilməsək, deməli, əbəs yerə oynamışıq. Hər bir kəs öz zəhmətinin bəhrəsini görmək istəyir.
