27 aprel 2011 16:33
Yunis Hüseynov: Mənim favoritim XL-dı
“Karvan”ın sabiq baş məşqçisi Yunis Hüseynov Azərbaycan kubokunun yarımfinal iştirakçılarının şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, AZAL və “İnter”in mübarizəsi ilə bağlı bunları dilə gətirib:
“AZAL ilə “İnter” eyni gücə malik komandalardı. Heç kim deyə bilməz ki, bu görüşdə hansısa komanda aşkar favoritdi. Bu, mümkün deyil. Kim daha yaxşı oynasa, finala da o çıxacaq. Çox şey də ilk oyundan asılı olacaq. Hər iki komanda çempionatda medal qazanmaq şanslarını itirib. Buna görə də onlar üçün ölkə kuboku avrokuboklara vəsiqə qazanmaq üçün yeganə yoldu”.
Hüseynov “Xəzər Lənkəran” – “Bakı” cütündə isə cənub təmsilçisinin daha üstün olduğunu düşünür: “Xəzər Lənkəran” – “Bakı” cütündə mənim favoritim cənublulardı. Onlar ev oyunlarında çox yaxşı təsir bağışlayırlar və elə doğma meydanda çox şeyi həll edə bilərlər. Paytaxt futbolçuları isə ötən ilkindən çox fərqli durumdadı. Buna görə də lənkəranlıların finala çıxacağını düşünürəm”.
