27 aprel 2011 20:13
Nazim Süleymanov da Mirça Rednikin aqibətini yaşadı
Bu gün keçirilən “İnter”lə Azərbaycan kubokunun ilk yarımfinal oyunu AZAL üçün elə də uğurlu alınmayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu səfərdə heç-heçəyə nail olsa da, baş məşqçisi Nazim Süleymanovu itirib.
Belə ki, qarşılaşmanın 86-cı dəqiqəsində hakimlərin qərarlarından narazılığını ifadə edən “təyyarəçilər”in çalışdırıcısı baş hakim Elçin Məmmədov tərəfindən texniki zonadan uzaqlaşdırılıb. Bu isə onun qarşıdakı oyunlarda da komandasına kömək edə bilməyəcəyi anlamına gəlir. Güman ki, digərləri kimi Süleymanov da 5 oyunluq diskvalifikasiya olunacaq. Belədə, onun üçün mövsüm erkən bitəcək və komandası hətta finala da adlasa, texniki zonada yer ala bilməyəcək.
Xatırladaq ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik də "Neftçi"yə qarşı ilk 1/4 final oyunundan sonra beş oyunluq diskvalifikasiya edilib və mövsümün sonuna kimi kubok oyunlarında texniki zonada yer almayacaq.
