28 aprel 2011 12:48
“Yeganə narazılığım 2:0 öndə olduğumuz halda 2 qol buraxmağımızdı”
Qazaxıstanda təşkil olunmuş “Prezident kuboku”nda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Qazaxıstan yığmaları arasında keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov matçla bağlıfikirlərini bildirib. Azerisport.az xəbər verir ki, komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatan görüşü o, belə dəyərləndirib:
“Bu oyun bizim üçün çox vacib idi və ciddi hazırlaşmışdıq. Qələbə qazanacağımız təqdirdə qrup liderliyinə yüksələcəkdik və çox şadam ki, bu vəzifənin öhdəsindən gəldik. Sözün açığı, İran yığmasına qarşı oyunumuzdan tam razı qalmamışdım. Amma bu dəfə oyuna, demək olar ki, biz nəzarət edirdik. Vurduğumuz qollar da gözəl alındı. Yeganə narazılığım 2:0 öndə olduğumuz halda 2 qol buraxmağımızdı. Bunun səbəbi isə uşaqlarda arxayınçılıq yaranmasıdı. Bununla belə, toparlana bildik və 3-cü qolu vurduq. Finala çıxdığımız üçün çox sevinirik”.
