28 aprel 2011 13:48
Xristu Kyaku: Amma Neftçi`nin lehinə hər tur penalti təyin olunur
“Xəzər Lənkəran”ın rumıniyalı yarımmüdafiəçisi Xristu Kyaku azerisport.az saytına müsahibəsində ölkə kubokunun “Bakı” ilə ilk yarımfinal matçından sonrakı təəssüratlarını paylaşıb.
- Komandanızın oyunundan razı qaldınız?
- Yaxşı və maraqlı oyun alındı. Demək olar ki, bütün oyunboyu üstünlük bizim tərəfimizdə idi. Hərdən rəqib də öz imkanlarından istifadə etmək şansı qazanırdı. Amma onlar da məhz öz səhvlərimiz nəticəsində oldu. İndi bu oyunu cavab matçında da sərgiləmək və finala vəsiqəni rəsmiləşdirmək lazımdı. Həmçinin Kamran Ağayevin də oyununu xüsusi qeyd etmək istərdim. Bizi bir neçə epizodda xilas etdi. Ümumiyyətlə, o, “Xəzər Lənkəran”ın 60 faizidi.
- Komandanız 4 dəfə rəqib futbolçuların qapıçıyla təkbətək çıxmasına imkan yaratdı. Əgər rəqib “Bakı” yox, məsələn, “Neftçi” olsaydı, hər şey sizin üçün daha fərqli alına bilərdi...
- “Neftçi”nin sərgilədiyi oyunla “Bakı”nın sərgilədiyi çox fərqlənir. “Bakı” daha çox müdafiə haqqında fikirləşir və ancaq əks-hücumlara bel bağlayır. Çətin ki, biz “Neftçi”yə belə imkanlar yaradaq.
- “Xəzər Lənkəran”ın qeyri-sabit oyununu nə ilə əlaqələndirərdiz?
- Bu, oyunun gedişindən asılıdı. Hərdən daha yaxşı oynamaq istədiyimiz halda hər şey tərsinə alınır. Hərdən komanda tam hazır olmur. Müxtəlif səbəblər olur. Əlbəttə, biz də istəyirik ki, müsbət nəticələrimiz daha çox olsun. Bunun üçün də çalışırıq.
- Finala çıxmaq şanslarınızı necə dəyərləndirirsiz?
- 1:0-dan sonra biz şanslarımızı 10 faiz artırmış olduq. Bu üstünlüyü əldən buraxmamalıyıq. Cavab oyununda çıxıb ən azı bir qol da vurmalıyıq. Hər ehtimala qarşı qələbəyə oynayacağıq.
- Demək olar ki, XL artıq bütün gücünü kubokda yönəldib?
- Mən belə hesab etmirəm. Premyer Liqada da eyni istəklə mübarizəmizi davam etdirəcəyik. Düzdü, öz səhvlərimizdən çoxlu xal itkisinə yol verdik. İndi isə hər şey arxada qalıb və mümkün qədər çox xal toplamaq istəyirik.
- Razısız ki, “Neftçi” çempiondu?
- “Neftçi” yaxşı komandadı. Amma hərdən hakimlər də onların tərəfini saxlayır. Məsələn, “Bakı” ilə oyunda onlar bizim təmiz penaltimizi təyin etmədilər. Halbuki biz böyükhesablı qələbə qazana bilərdik. Amma “Neftçi”nin lehinə demək olar ki, hər tur penalti təyin olunur.
