29 aprel 2011 18:26
Vaqif Qasımov: Onun bizim oyunlarımızı idarə etməsini istəmirik
AZAL-ın prezidenti Vaqif Qasımov azerisport.az saytına müsahibəsində “İnter”lə kubokun ilk yarımfinal oyunundan, hakimlikdən, Nazim Süleymanovun texniki zonadan kənarlaşdırılmasından və qarşıdakı “Neftçi” ilə dueldən danışıb.
- Sizin “İnter”lə oyundakı narazılığınızın səbəbini bilmək istərdik...
- Əgər hakim bir dəfə səhv etsə onu başa düşmək olar. Amma hakim matçın nəticəsinə, gedişinə təsir göstərən qərarlar verirsə, buna artıq göz yummaq olmaz. Biz bu hakimlərin işinə baxmağı və bununla bağlı düzgün qərar qəbul edilməsini tələb edirik. Bu gün biz artıq AFFA-ya məktub ünvanlamışıq və bütün məqamları orda göstərmişik.
- Söhbət konkret hansı məqamlardan gedir?
- Bir epizodda oyunçumuz qol vursa da, yan xətt hakimi Munis Abdullayev ofsayd qeydə aldı. Halbuki, orda oyundankənar vəziyyət yox idi. İkincisi, laynsman həmin ofsaydı necə dəqiq müəyyənləşdirə bilərdi ki, özü oyunçudan 3-4 metr geridə qalırdı? 86-cı dəqiqədə isə “İnter”in oyunçusu Zohair Benuahiyə qarşı cərimə meydançasında kobudluq etdi. Həmin epizodda hakim sadəcə penalti təyin etməyə borcludu idi. Bunlarla yanaşı, biz Nazim Süleymanovun meydandan qovulmasına da baxılmasını tələb edirik. Həm də tələb edirik ki, Elçin Məmmədovu bir daha bizim oyunlarımıza təyin etməsinlər. Onun bizim oyunlarımızı idarə etməsini istəmirik.
- AZAL finala vəsiqə qazansa, həlledici oyunda əcnəbi hakimlərin dəvət olunmasını nə dərəcədə münasib sayırsız?
- AZAL həmişə yerli hakimlərə güvənib. Biz hesab edirik ki, Azərbaycanda final oyununu idarə edə biləcək hakimlər var. Sadəcə onlara öz üzərlərində işləmək lazımdı. Əgər AFFA xaricdən hakim dəvət etmək istəsə, biz buna qarşı olmayacağıq.
- Komandanızı qarşıda “Neftçi” ilə çətin oyun gözləyir...
- Bu, xüsusi bir oyun olacaq. Onlara qarşı oynamaq həmişə çətindi. Məqsədimiz flaqmana qalib gəlməkdi. İnanıram ki, azarkeşlərimizi Şüvəlandakı ikinci ev oyunumuzda da qələbə ilə sevindirə biləcəyik. İlk ev oyununda onlarla heç-heçə oynamışdıq. Bu dəfə isə mütləq qələbə qazanmalıyıq.
- AZAL-ın medallara şansının az olması motivasiya baxımından problem yaratmayacaq ki?
- Biz çempionluğa oynamırıq. Çünki qızıl medallara şansımız qalmayıbı. Amma medalçılar sırasına düşə bilərik. O üzdən hər bir xala ehtiyacımız böyükdü. Qarşıdakı 4 oyunda maksimum güc sərf edib, mümkün qədər çox xal toplamalıyıq. Mən öz komandama inanıram. Biz “Neftçi”ni dayandıra bilərik.
- Belaruslu hücumçu Gennadi Bliznyukla bağlı problemi necə yoluna qoydunuz?
- O, bir neçə dəfə komandada intizamı pozmuşdu. Buna görə də onu cəzalandırmağa qərar verdik. Biz onu çağırdıq və martın 8-də ciddi xəbərdarlıq etdik. Lakin az sonra o, yenə eyni səhvi təkrarladı. Buna görə də ona bir daha xəbərdarlıq etdik ki, bu hərəkətlərinə son qoymasa, AZAL karyerası başa çatmış olacaq. Aprelin 17-də eyni hal yenə təkrarlandı. Onun səhvlərinin davamlı olduğunu görüb, komandadan kənarlaşdırmağa qərar verdik.
- Bəs Bliznyukun bu intizamsızlığı sırf nə ilə əlaqədar idi?
- Gizlətmirəm ki, o, çox içirdi. Otelin kameraları həmişə olanları çəkirdi. Görürdük ki, o, hansı vəziyyətdə geri qayıdırdı. Küçədə sərxoş halda gəzirdi. Bizim də başqa çıxış yolumuz qalmadı. İndi o, guya ailə problemlərinə görə, Bakıdan gedib. Amma kimsə onu heyətinə qatmaq istəsə, bizimlə əlaqə saxlamalıdı. Çünki transfer hüququ AZAL-a məxsusdu.
