29 aprel 2011 11:47
Əfran İsmayılov: XL hazırda Azərbaycanın ən güclüsüdü
“Qarabağ”ın və millimizin yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 29-cu turunun “Bakı” ilə oyunu öncəsi komandasının şanslarını dəyərləndibi, eləcə də ölkə çempionatı və kubokla bağlı bəzi fikirlərini açıqlayıb.
- “Bakı” ilə oyun ərəfəsində bu komandanı necə dəyərləndirərdiz?
- Yaxşı komandadı. Elə son oyunumzda da onlarla çox çətin oldu. Çünki daha çox müdafiədə otururlar. Məhz bunun nəticəsində bizi sonda qolsuz qoydular. Amma bu dəfəki oyuna daha ciddi hazırlaşırıq. Çünki mütləq 3 xal qazanmalıyıq. Ümid edirəm ki, ən azı 1 qol vura biləcəyik.
- Düşünmürsüz ki, “Bakı” Lənkərandakı ağır kubok matçından sonra sizinlə oyuna yorğun çıxacaq?
- Düzdü, onlar iki həftə içində ağır qrafiklə oynamalıdı. Amma buna baxmayaraq, bizimlə oyuna lazımınca hazırlaşacaqlarını düşünürəm.
- Yəni sizcə, yorğun olmayacaqlar?
- Onların heyətində əla futbolçular var. Əlbəttə, heç kim istisna etmir ki, müəyyən qədər yorğun olacaqlar. Amma çox yorğun olacaqlarını düşünmürəm. Mənim fikrimcə, bu faktor meydanda “Qarabağ”ın “Bakı”dan daha güclü olmasında rol oynamayacaq. Matç bərabər mübarizə şəraitində keçəcək.
- Hazırlıqlarınız necə gedir?
- Hazırlıqlarımız öz qaydasıyla gedir. Bizim üçün ən böyük itki Rəşad Sadıqovun yoxluğudu. Bu zədə səbəbindən o, Türkiyəyə müalicə olunmağa getdi. Amma belə komandanın hazırlıqları tam gücüylə davam edir. Düşərgədə əla əhval-ruhiyyə var.
- Bəs Rəşad Sadiqovun durumu necədi?
- Onun durumu artıq yaxşıdı. Növbəti tura kimi o, tam hazır olacaq. Böyük ehtimalla onu “Bakı” ilə oyunda da meydanda görmək mümkün olacaq.
- Artıq faktiki olaraq demək olar ki, “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ” avrokuboklara vəsiqəni təmin edib. Sizcə, bəs dördüncü kim olacaq?
- Dəqiq demək bir qədər çətindi. Həm AZAL-ın, həm də “İnter”in əla şansları var. Amma hər halda hesab edirəm ki, dördüncü “bankirlər” olacaq.
- Bəs kubokdakı komandaların şanslarını necə dəyərləndirirsiz? Dördlükdən hansının şansı daha çoxdu?
- Mənim fikrimcə lənkəranlıların. Bunu ona görə deyirəm ki, XL hazırda Azərbaycanın ən güclü komandasıdı. Onların heyətində kifayət qədər əla oyunçular var. Ümumiyyətlə, onlarla oynayanda elə bilirəm ki, hansısa Avropa klubuyla oyuna çıxmışam. Burda həm azarkeş, həm də futbolçu amili öz sözünü deyir.
