30 aprel 2011 20:38
Sxadadze: O sübut etdi ki, o, Azərbaycanın 1 nömrəli qapıçısıdı
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 29-cu turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “bankirlər”in çalışdırıcısı 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Oyuna gələn azarkeşlər oyundan həzz aldı. Qarşılaşma yüksək səviyyədə keçdi. Mövsümün sonunda bu cür oyun göstərmək hər iki klubun hazırlığını göstərir. Oyunun əvvəlində “Xəzər Lənkəran” pressinq tətbiq etdi. Bizim futbolçuların ötürmələrində tələskənlik var idi. Lakin qol vura bildik, sonra da fərqlənmək imkanlarımız oldu. Təəssüf ki, bəsit qol buraxdıq. Oyunun sonlarında yenə də qol vura bilərdik. Ancaq Kamran Ağayev oyunu ilə sübut etdi ki, o, Azərbaycanın 1 nömrəli qapıçısıdı. Oyundan öncə də futbolçulara azarkeşlər üçün oynamalarını tapşırmışdım. Əsas oyunumuz mayın 4-də olacaq. Bu cür oynasaq kubokun finalına vəsiqə qazana bilərik”.
