30 aprel 2011 11:47
Qurban Qurbanov: Əsas odu ki, onlar özləri Qarabağ`da qalmağı istəsin
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 29-cu turunun “Bakı” ilə oyunu ərəfəsində azerisport.az saytının suallarını cavablandırıb.
- “Bakı” ilə oyuna necə hazırlaşmısız?
- Məşqlərimiz adi qaydada davam edir. Qarşıdakı çətin oyun ərəfəsində demək olar ki, bütün futbolçularımızın sağlıq durumunun qaydasında olması bizi çox sevindirir. Sadəcə Rəşad Sadıqovun əvvəlki ağrıları özünü biruzə verməyə başlayıb. Buna görə artıq müalicə olunmaq üçün Türkiyəyə yollanıb.
- Onun yoxluğu nə dərəcədə hiss olunur?
- Sadıqov əsas heyətin oyunçusudu və əlbəttə ki, çox istərdik, oynasın.Amma biz onun yoxluğuna hazırıq. Onu əvəzləyə biləcəyik.
- Bu mövsüm elə də yaxşı günlərini yaşamayan rəqibiniz haqda nə düşünürsüz?
- Onların itiriləsi heç nəyi yoxdu. Amma onların medallara şansı qalmasa da, qələbəyə oynayacaqlar. “Qarabağ”dan fərqli, onlar meydana arxayın çıxacaqlar. Biz isə avrokuboklara vəsiqə və medallar uğrunda mübarizə apardığımızdan elə sakit oynaya bilmərik.
- “Neftçi”nin demək olar ki, çempionluğu təmin etdiyi bir dövrdə oyunlara köklənmək çətin olmur ki?
- Biz hər bir oyuna motivasiya olunmağı bacarırıq. “Qarabağ” nəticə qazanmalıdı. “Bakı”nın da gücünə bələdik. Bu komanda istənilən halda yüksək səviyyədə oynaya bilər. Arxayınlaşmaq olmaz. “Bakı”nı qətiyyən zəif rəqib hesab etmirəm. Onların yaxşı heyəti var.
- Son dövrlər “Bakı” ilə yanaşı, öz oyunu da alınmayan keçmiş yetirməniz Vaqif Cavadov haqda nə deyərdiz?
- Adətən zədədən sonra futbolçunun öz əvvəlki formasını bərpa etməsinə vaxt lazım olur. Onun oyununu şərh edə bilmərəm. Cavadovun öz komandası var. Ola bilər ki, sadəcə ona vaxt lazımdı. O, nə etdiyini bilən oyunçudu.
- Kubokun “Xəzər Lənkəran” – “Bakı” oyununa baxmısız?
- Hələ ki, yox. Amma həmin oyunun videoyazısına baxmağa hazırlaşıram. Yalnız bundan sonra bu görüş haqda fikirlərimi deyə bilərəm.
- Yaxınlarda “Qarabağ” bəzi futbolçuları ilə müqavilələrini artırmaq təklifi etdi. Artıq oyunçuların reaksiyaları bəllidi?
- Biz öz variantlarımızı onlara təqdim etmişik. Elvin Məmmədovla yanaşı daha bir neçə futbolçuyla danışıqlarımız olub. Onların cavabını gözləyirik. Onların komandanı tərk etməsini istəmirik. Amma ən əsası odu ki, onlar özləri burda qalmağı istəsinlər.
