2 may 2011 14:51
“Azərbaycanı Avropada layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”
"Neftçi"nin makedoniyalı futbolçusu Slavko Georgiyevski AZAL-la oyundan sonra çempionluq sevincini klubun rəsmi saytına bölüşüb. Azerisport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi qarşılaşma ilə bağlı bunları dilə gətirib:
"Komandamız çempion oldu. Bundan böyük xoşbəxtlik ola bilməz. Son oyuna çox ciddi hazırlaşmışdıq. Axı rəqiblərimizin xal itkisi ilə üzləşdiyini bilirdik. Qalib gələcəyimiz təqdirdə vaxtından əvvəl çempion olacaqdıq. Bunu dərk edərək meydana çıxmışdıq. "Neftçi"də möhkəm, döyüşkən, əla kollektiv formalaşıb. Biz bir daha sübut etdik ki, "Neftçi" hazırda Azərbaycanın ən güclü komandasıdır. Düzdü, mövsüm çətin keçdi. Bu uzun marafonun sonunda qızıl medalları qazandıq. Azərbaycan çempionatının qalibi olaraq, qarşıda bizi Çempionlar Liqası kimi mötəbər turnirdə gərgin mübarizə gözləyir. Avropanın yaşıl meydanlarında Azərbaycanı layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. Mən buradan "Neftçi"nin möhtəşəm azarkeşlərinə səslənmək istəyirəm: "Ağ-qaralı" azarkeşlər bütün mövsümboyu bizi yalnız buraxmadılar, soyuqda, qarda, yağışda, səfər oyunlarında daim bizim yanımızda oldular. Bu çempionluğu onlara həsr edirik".
