5 may 2011 01:35
Manchester United və Barcelona ÇL-in finalında! (YENİLƏNİB)
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, oyunlar yenə fərqli günlərdə baş tutub.
İlk oyun günündə bütün dünyanın gözü yenidən İspaniyaya yönəlmişdi. Çünki burda dünya futbolunun növbəti şah oyunu - "Barcelona" - "Real" qarşılaşması keçirilirdi. "Nou Kamp" stadionunda baş tutan son 18 günün 4-cü "El Klassiko"su böyük maraqla gözlənilirdi. Qeyd edək ki, "Barcelona" evində oynadığı matça 2:0 hesablı üstünlüklə çıxmışdı. Məhz bu üzdən "Real"ın şansları elə də çox deyildi. Cavab oyununda da hesabı məhz kataloniyalılar açdığından, cütün taleyi demək olar ki, həll olundu. Buna baxmayaraq, madridlilər sonda bir təsəlli qoluna imza ata bildilər. Lakin finala məhz "Barcelona" yüksəldi və rəqibini gözləyir.
İkinci oyun günündəki qarşılaşmada da demək olar ki, finala vəsiqənin sahibi məlum idi. Belə ki, “Manchester United”in Almaniya təmsilçisi “Schalke” ilə ev oyununda hansısa sürprizə imkan verəcəyi elə də inandırıcı görünmürdü. Səfərdə 2 cavabsız qol vuran “qırmızı şeytanlar”a ən azı heç-heçə də sərf edirdi. Lakin ingilislər ikinci heyətlə mübarizə aparmasına rəğmən, bu oyunda da hücum futbolu oynayaraq, finala darmadağınla yüksəldi.
Beləliklə, mayın 28-də "Uembli" stadionunda baş tutacaq ÇL-in finalında "Manchester United"lə "Barcelona" qarşılaşacaq.
Çempionlar Liqası
Yarımfinal
Cavab oyunları
3 may
Barcelona (İspaniya) - Real (İspaniya) - 1:1 (0:0)
Qollar: Pedro, 54 (1:0), Marselo, 64 (1:1).
İlk oyun: 2:0
4 may
Manchester United (İngiltərə) – Schalke (Almaniya) - 4:1 (2:1)
Qollar: Valensiya, 26 (1:0), Gibson, 32 (2:0), Xurado, 35 (2:1), Anderson, 72 (3:1), Anderson, 76 (4:1)
İlk oyun: 2:0
