3 may 2011 14:12
AFFA əvəzediciləri və divizion klublarını da cəzasız qoymadı
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasındakı çempionatın, eləcə də birinci divizionun son turunun oyunları da müzakirə olunub. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra qeydə alınan qayda pozuntularına aşağıdakı şəkildə hüquqi qiymət verilib:
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 29-cu turunun AZAL – “Turan” matçında “Turan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Muğan” matçında “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 44-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Nicat Babayev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
Azərbaycan birinci divizionunun 24-cü turunun “MKT Araz” – “Neftçi” İSM matçında “MKT Araz”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Abşeron” – “Sumqayıt” matçının 90+3-cü dəqiqəsində “Abşeron”un futbolçusu Timur İsrafilov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
