4 may 2011 13:14
“Hər şey Andrey Popoviçin özündən asılı olacaq”
"Abşeron"un baş məşqçisi Mirbağır İsayev komandasının qapıçısı “Andrey” Popoviçin Almaniyanın ikinci Bundesliqa klubu "Fortuna"dan təklif almasına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, millimizin üzvünün Berti Foqtsun vətəninə dəvət olunmasını belə qarşılayıb:
"Andrey Popoviçin böyük 5-lik ölkələrindən biri sayılan Almaniya birinciliyinin iştirakçısından təklif almasını komandamız üçün böyük uğur sayıram. Düzdü, baxışa çağrılmaq hələ "Fortuna"nın tam hüquqlu üzvü olmaq demək deyil. Lakin Popoviç inamlı oyunuyla mütəxəssislərin diqqətini cəlb etməyi bacarıbsa, onun ilboyu çəkdiyi zəhmət hədər getməyib".
İsayevin sözlərinə görə, yetirməsinə gələn dəvət onun üçün qətiyyən gözlənilməz olmayıb: "Biz gənc qapıçını heyətimizə qatanda o, "Bakı"nın əvəzedici heyətinin heç ehtiyat skamyasında da yer almırdı. Lakin "Abşeron"da çıxış etməyə başlayandan sonra onun futbolçu karyerası yüksələn xətt üzrə inkişaf etdi. O, tədricən Azərbaycanın milli komandasına dəvət almağa başladı, sonralar isə Kamran Ağayevin əvəzedicisı kımi heyətdə möhkəmləndi. Buna görə də, "Fortuna"dan təklifi gözlənilməzlik kimi deyil, normal hadisə kimi qəbul edirəm. Lakin yenə də, hər şey onun özündən asılı olacaq. Ona görə də, hesab edirəm ki, Andreyın "Fortuna"dan aldığı təklifi hələlik onun gələcək uğurlarının avansı kimi qiymətləndirmək olar".
