4 may 2011 13:45
Adnan Bərəkət: XL da bizim kimi yorğun olacaq
“Bakı”nın yarımmüdafiəçisi Adnan Bərəkət azerisport.az saytına müsahibəsində “Qarabağ”la oyundan danışıb, bu günkü “Xəzər Lənkəran”la görüş öncəsi finala çıxmaq şanslarından danışıb.
- Bu gün sizi Azərbaycan kubokunun “Xəzər Lənkəran”la cavab oyunu gözləyir. Belə sıx qrafiklə oynamaqdan bezməmisiz ki?
- Əlbəttə, yüklənmə çoxdu. Amma yorulmaq olmaz. Biz finala yüksəlmək üçün maksimum gücümüzlə mübarizə aparmağa hazırıq. Fikrimcə, bunun üçün çox gözəl şansımız var. Rəqibimiz də bizim kimi yorğun olacaq. Axı eyni qrafiklə oynayırıq.
- Səfərdəki minimal hesablı məğlubiyyətdən sonra XL-ı keçməyi real sayırsız?
- Niyə də yox? Axı ötən mövsümdə də eyni vəziyyət idi. İlk oyunda “İnter”ə eyni hesabla uduzmuşduq, amma cavab görüşündə 3:1 hesablı qələbəyə sevindik. Ümid edirəm ki, ötənmövsümkü uğuru təkrarlaya biləcəyik.
- “Qarabağ”la oyuna yaxşı başlasaz da, qələbəni qoruya bilmədiniz...
- Biz həqiqətən bu oyuna yaxşı başlamışdıq. Amma rəqibimiz də bizdən qətiyyən zəif deyildi. İkinci hissədə “Qarabağ”ın oyunçuları sadəcə əla oynadı. Hesab edirəm ki, elə 2:2 hesabı bizim üçün də normal nəticədi. Həm də nəzərə almaq lazımdı ki, qarşılaşma səfərdə keçirilirdi.
- Onda belə çıxır ki, 2:0 hesablı üstünlüyü əldən verməyinizə görə məyus deyilsiz?
- Əlbəttə, biz bu oyunda qələbə qazanmağı çox istəyirdik. Axı ilk yarıdan sonra biz 2 qolla öndə idik. Amma sonradan rəqib hesabı bərabərləşdirdi. Futbolda belə şeylər olur.
