4 may 2011 14:41
Diniyev: Bu, təkrarolunmaz hisslər idi
Bu yaxınlarda Qazaxıstanda keçirilən beynəlxalq turnirin qalibi olmuş Azərbaycan U-17 milli komandasının üzvü “İnter”in yarımmüdafiəçisi Coşqun Diniyev bu səfərlə bağlı təəssüratlarını bölüşüb, turnirdəki qələbələrindən danışıb.
- Coşqun, bunadək müxtəlif yaş kateqoriyalarında Azərbaycan milli komandalarında da çıxış etmisən. Lakin U-17 komandasının heyətində bu turnir sənin üçün əlamətdar oldu...
- Bəli, iki il U-15 millisinə dəvət aldım, sonra U-16 komandasının şərəfni qorudum və indi də Azərbaycan U-17 milli komandasında oynamaq şərəfinə nail oldum. Həmçinin məşqçi Təbriz Həsənovun rəhbərliyi altında ilk dəfə çıxış etmədiyimi və U-17 komandasının bir çox futbolçularıyla U-15 və U-16 komandalarında birlikdə oynadığımı da demək istərdim. Buna görə də, uyğunlaşmayla bağlı hər hansı problemim olmadı. Komanda tərəfdaşlarımla əla münasibətlərim var, bütün uşaqlar bir-birilərinin oyunlarını əla bilirlər və bir-birlərini bir kəlmədən anlayırlar.
- Qazaxıstanda Prezident Kuboku turnirində Azərbaycan U-17 millisi yaxşı futbol nümayiş etdirdi və turnirin qalibi olmağı bacardı. Turnir haqqında təəssüratlarını bölüşməyini istərdik...
- Bu, çox yüksək səviyyəli turnir idi, turnirdə 8 güclü milli komanda iştirak edirdi. Ən ciddi rəqiblər arasında Türkiyə və Ukrayna milli komandalarını qeyd etmək istərdim. Müəyyən bölgüdə Ermənistan yığmasıyla da qarşılaşa bilərdik. Biz turniri İran millisilə keçirdiyimiz oyunla açdıq. Sonra ev sahibi Qazaxıstan komandasıyla qarşılaşdıq. Bu oyunlar çox mürəkkəb alındı, lakin buna baxmayaraq qazaxları məğlub etməyi bacardıq. Qrupda son tura 100 faizlik göstəricilə yaxınlaşdıq və finala çıxışımızı təmin etdik. Bu vəziyyət Özbəkistanla oyuna formal xarakter verirdi, ancaq buna baxmayaraq biz bu qarşılaşmada da qalib gəldik. Həlledici qarşılaşmada bizi Ukrayna ilə oyun gözləyirdi. Bu matçda çempionluğun taleyi həll edilirdi və biz ilk növbədə komanda oyunu sayəsində uğur qazanmağı və rəqibi üstələməyi bacardıq.
- Ukrayna ilə oyunda final fitindən sonra hansı hissləri yaşadın?
- Bu, təkrarolunmaz hisslər idi. Biz qalib gələcəyimizə inanırdıq və bu inam bizə kömək etdi. Biz Allahın köməyilə qalib gəldik.
- Milli komanda üçün yaradılmış şəraiti necə qiymətləndirirsən?
- AFFA bizim üçün bütün lazımi şəraiti yaradıb, biz federasiya tərəfindən qayğını hiss edirdik və bu, bizə kömək edirdi. Qeyd etmək yerinə düşərdi ki, Ukrayna ilə final matçında bizi dəstəkləmək üçün AFFA-nın baş katibi Elxan Məmmədov gəlmişdi.
- Sənin məşqçi Şahin Diniyevin oğlu olduğunu bilirik. Futbola sevgini sənə atan aşılayıb? Yoxsa...
- Yox, mən futbolu uşaqlıqdan sevirdim. Atam futbol aləmində mənə yalnız yol göstərirdi, məsləhətlər verirdi və məni bütün təşəbbüslərimdə dəstəkləyirdi.
- Atan “İnter”in heyətində, istər U-17, istərsə əvəzedici komandada sənin matçlarını tez-tez izləyir. Həmişəmi çıxışından razı qalır? Yoxsa tez-tez tənqid edir?
- Atam mənə məsləhətlər verir, zəngin təcrübəsini bölüşür və mən də onun məsləhətlərinə qulaq asmağa çalışıram. Ümid edirəm ki, bu, məndə alınır.
