4 may 2011 20:14
Bakı – XL matçından sonra möhtəşəm dava
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində bu gün keçirilən “Bakı” – “Xəzər Lənkəran” oyunundan sonra böyük qalmaqal yaşanıb. Azerisport.az xəbər verir ki, polislərlə cənub təmsilçisinin bəzi rəsmiləri, eləcə də futbolçuları arasında möhtəşəm dava düşüb.
Hər şey cənub klubunun direktoru Səməd Mustafayevin görüşün baş hakimi Rövşən Əhmədova kəskin narazılığını bildirərək, hətta onu vurmağa cəhd göstərməsindən sonra başlayıb. Belədə polislər onu sakitləşdirməyə çalışsa da, onların bu hərəkəti də cənublu futbolçuların xoşuna gəlməyib. Belədə, tərəflər arasında dava-dalaş düşüb.
Bu dava hətta qonaq komandanın paltardəyişmə otağına kimi davam edib. Belədə, “Xəzər Lənkəran”ın təhlükəsizlik xidmətinin işçiləri də məsələyə müdaxilə etməli olub. Hətta “ağ-yaşıllar”ın vitse-prezidenti Tuyqun Nadirov da bu olaylardan kənar qalmayıb.
