6 may 2011 01:58
Avropa Liqasında Portuqaliya finalı (YENILƏNİB)
Çempionlar Liqasının ardınca bu gün Avropa Liqasında da finala çıxan komandaların kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, hər iki cavab yarımfinal qarşılaşması eyni günə təsadüf edib.
Məlum olduğu kimi, Avroliqanın yarımfinalındakı 4 komandadan üçü Portuqaliyanı təmsil edirdi. “Braga” ilə “Benfica” bir-biri ilə mübarizə aparmaq məcburiyyətində qalmışdı ki, onlardan birinin mübarizəni məhz bu mərhələdə dayandıracağı dəqiq idi. “Benfica” ilk oyunda 2:1 hesablı qələbə qazansa da, hər halda səfər qoluna imza atmış “Braga” daha gözəl şansa malik idi. Gözlənildiyi kimi, bu komanda məhz həmin şansdan maksimum yararlanaraq, minimal hesablı qələbə sayəsində finala yüksəldilər.
Digər yarımfinal cütündə isə hər şeyə demək olar ki, elə ilk oyunda aydınlıq gəlmişdi. Çünki Portuqaliyanın daha bir təmsilçisi “Porto” yeganə digər ölkə təmsilçisi “Villareal”la (İspaniya) ilk oyunda rəqibini darmadağın etdiyindən, cavab matçında bu üstünlüyünü əldən verənə oxşamırdı. İspanlar cavab görüşündə çox çalışsa da, qazanılan qələbə finala çıxmaq üçün yetərli olmadı.
Beləliklə, Avropa Liqasının cari mövsümünün həlledici görüşündə iki Portuqaliya klubu - "Porto" və "Braga" görüşəcək.
Avropa Liqası
Yarımfinal
Cavab oyunları
5 may
Braga (Portuqaliya) – Benfica (Portuqaliya) - 1:0 (1:0)
Qol: Kustodio, 19.
İlk oyun: 1:2
Villarreal (İspaniya) – Porto (Portuqaliya) - 3:2 (1:1)
Qol: Kani, 17, Kapdevilya, 75, Rossi, 80-pen - Halk, 40, Falkao, 48.
İlk oyun: 1:5
