4 may 2011 12:17
XL Bakı ilə oyuna itkilərlə çıxacaq
"Xəzər Lənkəran" "Bakı" ilə oyunun hazırlıqlarını tamamlayıb. Azerisport.az xəbər verir ki, komanda dünən oyunöncəsi son məşqinə çıxıb.
Tofiq Bəhramov adına Respublika stadionunda bir saat ərzində keçirilən məşqdə komanda demək olar ki, tam heyətlə iştirak edib. Yalnız "İnter"lə matçda zədələnən Elvin Beqiri məşqdə iştirak etməyib. Bundan əlavə Manuel Skarlatakenin yüngül zədəsi olduğundan, rumıniyalı müdafiəçi komandadan ayrı çalışıb. Onun bu gün keçiriləcək qarşılaşma üçün hazır olması gözlənilir.
Sarı vərəqə limitini doldurduğundan "Bakı"ya qarşı oyunu buraxmalı olan Elnur Abdullayev də məşqdə iştirak edib. İlk oyunu eyni səbəbdən buraxmış və cavab qarşılaşmasında böyük ehtimalla meydana çıxacaq Adrian Pit də hazırlaşanlar arasında olub.
Fiziki hazırlıqlarını bütün komanda ilə yerinə yetirən oyunçular, taktiki məşqləri müxtəlif qruplara bölünüb həyata keçirib. Bundan əlavə oyunçular məşqin bir hissəsini penalti zərbələrini sınamaqla keçirib. Kamran Ağayev və Yevgeni Kopil ardıcıl olaraq komanda yoldaşlarının vurduğu zərbələri dəf etməli olub. Daha sonra müdafiə xəttinin oyunçuları məşqçi Mihay Teja ilə ayrılıqda taktiki hazırlıqlarını davam etdirib.
