4 may 2011 13:00
Millimizin qapıçısı Almaniya klubunda
Azərbaycan milli komandasının və "Abşeron"un qapıçısı Andrey Popoviç Almaniyanın "Fortuna" klubundan dəvət alıb. Azerisport.az xəbər verir ki, qolkiper bu gün baxışdan keçmək üçün Düsseldorf şəhərini təmsil edən klubun düşərgəsinə yollanıb.
Bu il "Abşeron"un heyətində uğurlu mövsüm keçirən 19 yaşlı qapıçı sərgilədiyi oyunla diqqətləri çəkib və artıq əsas milli komandaya çağırılır. "Abşeron"a qədər U-19 və "Bakı"nın əvəzedici heyətinin ehtiyat qapıçısı olan Popoviç birinci divizion klubunda icarə əsasında çıxış edir. O, bu mövsüm birinci divizionda keçirdiyi 17 oyunda qapısından cəmi 1 top buraxıb və Azərbaycan çempionu olub.
"Fortuna" isə Almaniyanın ikinci Bundesliqasında çıxış edir. Bu mövsüm keçirdiyi 32 oyunda 46 xal toplayan komanda 9-cu pillədə qərarlaşıb. Qeyd edək ki, bu mövsüm “Fortuna” millimizin daha bir gənc üzvünü, hazırda “Qəbələ”də top qovan Murad Hüseynovu da baxışa çağırmış, lakin onu bəyənməmişdi.
