5 may 2011 16:14
Aqil Nəbiyev: Belə forvardlarla biz heç nə edə bilmərik
AZAL-ın kapitanı Aqil Nəbiyev Azərbaycan kubokunun “İnter”lə cavab yarımfinal oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Kubokun finalına yüksələ bilməməyinizi necə qarşıladınız?
- Oyun başlayan kimi öz səhvimizdən qol buraxdıq. Fatkiki şəkildə rəqibimizə hədiyyə verdik. Zədələr də sözünü dedi. Amma istənilən halda belə olmaz. Özünüz də gördünüz ki, oyunun sonunda “İnter” bizə hətta 2-3 qol vura bilərdi. Ümumiyyətlə, komandamız son oyunlarda çox pis təsir bağışlayır. Xüsusilə də hücum xəttində heç nə edə bilmirik. İkinci hissələrdə isə oyunumuz demək olar ki, alınmır.
- Bir sözlə, siz hücum xəttini günahlandırırsız?
- Bəli. Belə forvardlarla biz heç kimə qol vura bilmərik. Mən hücumçularımızdan çox narazıyam.
- Erkən qol komandanıza çoxmu təsir etdi?
- Xeyr. Əlbəttə, bu, bir qədər gözlənilməz oldu. Hər halda “İnter”li oyunçunun zərbəsindən sonra top bizim oyunçuya dəyəndən sonra qapıya girdi. Burda udmaq da olar, uduzmaq da. Amma əl-qolu sallayıb, boş oturmaqla iş bitmir. Mən sınmış əlimlə oynayırdım. Baxın görün burda nə qədər iynə yeri var (qolunu göstərir).
- Bəs belə oynamaq sizə mane olmurdu?
- Əlbəttə, belə rahat deyildi, ağrılar da var idi. Sadəcə, bu oyun çox vacib idi. Mən də komandanın belə çətin durumunda kənarda qala bilməzdim. Mən özümü nümunə göstərmirəm. Amma yenə deyirəm ki, komandanı belə çətin vəziyyətdə qoymaq olmaz. Hər kəs eyni şəkildə çalışmalıdı.
- Digər yarımfinal cütündə “Xəzər Lənkəran”ın finala çıxması sizin avrokuboklara vəsiqə qazanmaq şansınızı saxlamış oldu...
- Biz yenə də əllərimizi yana salıb, oturub gözləməməliyik ki, “Xəzər Lənkəran” kuboku qazansın ki, avrokuboklara düşək. Bunun üçün hələ ilk növbədə çalışmalıyıq ki, dördüncü pillədəki yerimizi qoruyaq. Hər halda şansımız varsa sona kimi mübarizə aparmalıyıq. Hər şey ola bilər. Lakin bu şəkildə avrokuboklara vəsiqə qazanmağı layiqli hesab etmirəm.
