5 may 2011 18:26
XL heç bir klubumuzun bacarmadığını etdi
“Xəzər Lənkəran” dünən “Bakı” ilə cavab oyununda məğlub olsa da, Azərbaycan kubokunun finalına adladı. Azerisport.az xəbər verir ki, bu, əsası 2004-cü ildə qoyulan komandanın 4-cü finalı olacaq.
7 illik tarixə malik bu klub bütün finallara son 5 ildə çıxıb. İlk 2 cəhddə yarımfinalda dayanan komanda 2006/07 mövsmündən yalnız 1 dəfə həlledici görüşdən kənar qalıb.
İlk finalında “MKT-Araz”ı 1:0 hesabı ilə məğlub edən “Xəzər Lənkəran”ın növbəti rəqibi “İnter” olmuşdu. Bu il də cənublularla final oynayacaq bakılılarla 2007/08 mövsümündəki matçda 2:0-lıq qələbə ardıcıl 2-ci kuboku qazanmaqla nəticələnmişdi. Bir illik fasilədən sonra ötən yaz finala çıxan “Xəzər Lənkəran” ilk dəfə həlledici görüşü uduzdu – 1:2.
Hər 3 finala Ağasəlim Mircavadovun rəhbərliyi altında çıxan komanda ilk dəfə başqa mütəxəssislə bu qədər irəliləyib. Mirça Rednikin yetirmələri bununla da Azərbaycan rekorduna imza atıb. Heç bir Azərbaycan klubu ardıcıl 5 finaldan 4-nün iştirakçısı olmayıb. Düzdü, “Qarabağ” 6, “Neftçi” 5, “Kəpəz” və bu ilki finalı da saysaq “İnter” 4 dəfə bunu bacarıb. Lakin onların bu uğurları daha çox fasilələrlə müşayiət olunub.
(klubun saytı)
