6 may 2011 13:42
Rəşad Abdullayev: Onlara qarşı oynamaq üçün mənə motivasiya lazım deyil
“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev azerisport.az saytına müsahibəsində komandasının çempionluğundan, Çempionlar Liqasındakı şanslarından, eləcə də qarşıdan gələn “İnter”lə görüşdən danışıb.
- Artıq çempionluğunuzdan bir həftəyə yaxın vaxt keçib...
- Bu çempionluğu çoxdan gözləyirdik. Mən “Neftçi”yə keçəndən bəri ancaq onu eşidirdim ki, çempionatın qalibi olmaq lazımdı. Altı il idi ki, komanda bu istəyinə çata bilmirdi. Bu mövsümün əvvəlində isə qarşıya məhz çempion olmaq vəzifəsi qoyuldu. Şadam ki, artıq sona 3 tur qalmış çempionluğun taleyini həll edə bilmişik. Bu, mənim ikinci çempionluğumdu. Amma ən yaxşısıdı.
- Bəs “Xəzər Lənkəran”la qazandığınız çempionluq?
- Lənkəran klubuyla çempionluğu 2006-2007 mövsümündə qazanmışdım. Onda komanda yenicə yaranmışdı. Hər iki uğurum mənim üçün vacibdi.
- Artıq bu qələbəyə görə mükafatınız almısız?
- Çempionat hələ başa çatmayıb. Əlbəttə, stimul həmişə lazımdı. Amma “Neftçi”də bu, heç vaxt problem olmayıb. Futbolçuların mükafatları həmişə vaxtında verilib.
- İndi sizi Çempionlar Liqası gözləyir...
- Çempion olmaq bizim ilkin vəzifəmiz idi. Əgər Premyer Liqanı sadəcə azarkeşlərimiz üçün qazanmağa çalışırdıqsa, indi bütün ölkəni sevindirməliyik. Eyni zamanda həm də göstərməliyik ki, biz çempionluğa layiq idik. Rəqiblərimiz bizi müəyyən oyunlardan sonra günahlandırırdılar. Halbuki, özləri öz aralarındakı oyunları qazana bilmirdilər. XL uzun müddət altılıqda qələbə qazana bilmədi. Biz ki onlara görə uduzmalı deyildik.
- Erkən çempion olmağınızı nəzərə alsaq, son oyunlarınıza maraq qalıb?
- Mövsümün sonunu boşa vermək istəmirik. Biz çempionuq və bunu hər oyunda doğrultmalıyıq. Yəqin ki, baş məşqçimiz əvəzedici heyətin də oyunçularına şans verəcək və onlar əllərindən gələni edəcəklər.
- Hər halda “İnter”lə oyuna motivasiya olunmaqda çətinlik çəkməyiniz nə dərəcədə mümkündü?
- Şəxsən mənə “bankirlər”ə qarşı oynamaq üçün motivasiya lazım deyil. Həm də rəqiblə müqayisədə biz heç bir təzyiq altında deyilik və çıxıb rahatca öz oyunumuzu sərgiləyəcəyik. Bu isə az əhəmiyyət daşımır.
- Şəxsən mənə “bankirlər”ə qarşı oynamaq üçün motivasiya lazım deyil. Həm də rəqiblə müqayisədə biz heç bir təzyiq altında deyilik və çıxıb rahatca öz oyunumuzu sərgiləyəcəyik. Bu isə az əhəmiyyət daşımır.
- Sizcə, gümüş mükafat kimə qismət olacaq?
- XL-la “Qarabağ”ın şansları eynidi. Göstərdikləri oyuna görə ağdamlılar gümüş medala daha yaxındılar. Amma hər şeyə Lənkəranda bu komandaların öz aralarındakı oyunda aydınlıq gələcək.
- Bəs kuboku hansı komandanın qazanacağını düşünürsüz?
- “İnter” finalda qələbə qazanmağı daha çox istəyəcək. Bununla yanaşı onlar həm də dördüncü yeri tutmağa çalışacaqlar. Əks halda “bankirlər” bunu bacarmasa, kubokun finalında uduzsa, Avropa Liqasına vəsiqə qazanmaqdan məhrum olacaq. Amma XL da mövsümü titulla bitirməkdə iddialıdı. Bu qədər legioner gətirdikləri üçün rəhbərlik yəqin ki, komandadan bunu tələb edəcək.
